Şəhid xanımı pensiya hüququndan məhrum edilir - Mehriban Əliyevaya müraciət

ÖLKƏ
13:02 / 30.04.2021
1867

Birinci Qarabağ savaşında Fərrux dağı uğrunda gedən döyüşlərdə şəhid olmuş İsgəndər Məmmədovun həyat yoldaşı Əsbət Məmmədova Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 

Müraciətin bir surəti də HİT.Az-a daxil olub. 

Müraciətdə bildirilir ki, şəhid xanımı 2016-cı ildə II qrup əlillik dərəcəsi alıb. Əlilliyinin səbəbi isə bir sıra xəstəliklərdən əziyyət çəkməsidir. 

“Mən hazırda nevroz, sümüklərin yeyilməsi və ağır formalı revmatizma xəstəliklərindən əziyyət çəkirəm. 2016-cı ildə TSEK-dən komissiyadan keçərkən həkimlərin rəyi əsas götülərək, mənə II qrup əlillik dərəcəsi verilib. Bu dərəcəyə görə aldığım pensiya mənim müalicə xərclərimi qarşılamasa belə, ən azından bir qisim dərmanların alınmasına yardımçı olur. Hazırda həkimlər yeriməyimi qadağan ediblər. Onlar yataq şəraitində müalicə almağımı təkid edirlər”, - deyə Əsbət Məmmədova bildirib.

Şəhid xanımı qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli nümayəndələri bu yaxınlarda ona xəbərdarlıq ediblər ki, iki aydan sonra pensiyası kəsiləcək: “Mənə dedilər ki, yuxarıdan göstəriş var və sənin həm əlillik dərəcən ləğv olunacaq, həm də pensiya hüququndan məhrum ediləcəksən. Bu göstərişin konkret olaraq kimlər tərəfindən və nəyə əsaslanaraq verildiyindən xəbərsizəm. Bildiyim odur ki, bu, mənə qarşı haqsızlıqdır və qanunsuzluqdur".

Əsbət Məmmədovanın sözlərinə görə, hazırda o, müalicə altındadır və yaxın zamanlarda əməliyyat olunmalıdır. 

“Hörmətli Mehriban Xanım! Sizdən xahiş edirəm ki, mənim məsələmi nəzarətinizə götürəsiniz, həm əlillik dərəcəmdən, həm də pensiya hüququmdan qanunsuz olaraq məhrum edilməyimin qarşısını alasınız. Ümid edirəm ki, Siz bir Şəhid xanımının xahişini yerə salmayacaq və bu işdə mənə yardımçı olacaqsınız”, - şəhid xanımı müraciətin sonunda qeyd edib.

VÜQAR

0