ÖLKƏ
09:43 / 18.09.2021
862

Eldar Həsənov məhkəmədən xərəkdə çıxarıldı - FOTO

Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

HİT.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Eldar Həsənov ifadə verməyə davam edib. O, səhhətindəki problemlərin daha da kəskinləşdiyini deyib və xəstəxanaya köçürülməsini istəyib.

Hakim isə bildirib ki, onun xəstəxanaya köçürülməsi üçün ekspertiza rəyi olmalıdır: "Eldar müəllim, bunun üçün tibb ekspertizasının rəyi lazımdı. Bu rəy isə yoxdur. Ona görə də sizin xəstəxanaya köçürülməyiniz mümkün deyil. Vacib deyil ki, sizin məhkəməniz günün sonuna qədər keçirilsin. Nə qədər imkanınız çatır, o qədər keçirərik prosesləri. Amma siz məhkəmədə olmalısınız".

İttihamları qəbul etmədiyini deyən E.Həsənov əlavə edib ki, istintaq dövründə istər ölkədə, istərsə də xaricdə xeyli insan dindirilib. Onların arasında bir nəfər də onu tanıdığını, onunla görüşdüyünü deməyib.

Eldar Həsənovun vəkili onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi haqda vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib.

Daha sonra Eldar Həsənovun durumu pisləşib, məhkəməyə təcili yardım çağırılıb. Həkimlər onun təzyiqinin kəskin yüksəldiyini bildirib. Sabiq səfirə xərəkdə uzandırılaraq, oksigen balonu qoşulub. Həkimlər bu vəziyyətdə məhkəmədə iştirakının mümkün olmayacağını deyib. Bu səbəbdən məhkəmə sentyabrın 20-nə qədər təxirə salınıb.

Məhkəmədən sonra sosial şəbəkədə Eldar Həsənovun məhkəmə binasında xərəkdə fotosu yayılıb. 

Eldar Həsənovun cinayət işi üzrə rəsmi məlumata görə, onu Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

0