"Bakıda dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı aparılan təhlillər yekunlaşmaq üzrədir".
Bunu BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, dəyişkən iş qrafiki Prezident tərəfindən təsdiq edilmiş dövlət proqramına uyğun olaraq həyata keçiriləcək:
"Proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyat Şurası tərəfindən müvafiq araşdırmalar aparılıb. Qiymətləndirmələr başa çatdıqdan sonra dəyişkən iş qrafikinin tətbiq ediləcəyi sahələrin siyahısı hazırlanacaq və Nazirlər Kabinetinə təqdim olunacaq. Siyahı təsdiqləndikdən sonra yeni mexanizmin tətbiqinə başlanılacaq".
Vüqar Bayramov qeyd edib ki, dəyişkən iş qrafiki müxtəlif sektorlar üzrə işə başlama və işdən çıxma saatlarının fərqli müəyyənləşdirilməsini nəzərdə tutur:
"Məqsəd paytaxtda nəqliyyat sıxlığını azaltmaq və iş vaxtlarının daha səmərəli təşkili üçün şərait yaratmaqdır. Dövlət sektorunda bu sistemin tətbiqi məcburi xarakter daşıya bilər. Özəl sektorda isə dəyişkən iş qrafikinin tətbiqi tövsiyə xarakterli olacaq. Dövlət proqramına əsasən, mexanizmin 2026-cı il ərzində tətbiqi nəzərdə tutulur".


