"Azərbaycanda indiyə kimi din xadimlərinin vahid forması olmayıb".
Bunu ilahiyyatçı Tural İrfan Hit.az- açıqlamasında qeyd edib.
T.İrfan deyib ki, geyim rəmzi məna daşıyır. Hər xalqların özünə məxsus milli geyimi var. Ancaq İslam dinində qayda fərqlidir:
"Belə ki, hər xalqın, dövlətin özünə aid islam modeli formalaşıb. Pakistanda İslam Respublikasının dini qiyafətində milli çalarlar əks olunub. Türkiyə və digər islam ölkələrində dini geyim fərqlidir. Təəssüf ki, Azərbaycanda indiyə kimi din xadimlərinin vahid forması olmayıb. Bu səbəbdən də din xadimlərin hər biri fərqli formada geyinib. Bu da uyğun bir məsələ deyil. Məlumdur ki, fərqli din modellərinin ölkəyə gətirilməsi təhlükəli məsələdir. Açıq deyim ki, İranmeylli şəxslər, din xadimləri həmin ölkənin qəbul etdiyi geyimləri geyirdi. Səudiyyə Ərəbistanında təhsil alanlar isə onların dəbinə uyğun qiyafətlər geyirdi. Ümumiyyətlə, din xadimlərinin geyim məsələsində məzhəb də rol oynayırdı, seçilsin deyə”.
T.İrfan hesab edir ki, məzhəbindən asılı olmayaraq bütün din xadimləri vahid geyimi geyməlidir:
“Artıq ölkəmizdə də din xadimləri vahid forma geyəcəklər. Din xadimləri üçün müəyyən olunmuş formanın göy rəngdə olması həm müasirliyə, həm də dinə uyğundur. Bu səbəbdən də din xadimlərinin vahid qiyafədə olması çox zəruri məsələdir".
Sevinc