Kürdəmirdə kinoklub niyə baxımsız vəziyyətdədir? - FOTO

ÖLKƏ
15:30 / 22.03.2024
366

Kürdəmirdə yerləşən Nizami Gəncəvi adına kinoklub acınacaqlı vəziyyətdədir. Bir vaxtlar rayon camaatının ən sevimli məkanı olmuş və hazırda isə unudulmuş, dağılmış məkana çevrilən və dahi şəxsiyyətin adını daşıyan kinoteatr bədbad vəziyyətdədir.Sözügedən kinoklub 1960-cı ildə rayon sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün tikilərək istifadəyə verilib.

O vaxtdan bu kino müəssisəsi rayon sakinlərinin ən sevimli məkanına çevrilib. Kinoteatr fəaliyyətə başlayan vaxtdan hər gün burada dörd seans olmaqla yerli və xarici filmlər nümayiş olunub, müxtəlif tamaşalar göstərilib. Gün ərzində minlərlə rayon sakini klubun təqdim etdiyi xidmətlərdən istifadə ediblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, klassik memarlıq üslubunda birtipli layihə əsasında tikilmiş və 250 tamaşaçı yerlik olan bu kino müəssisəsi vaxtilə şəhərin görünüşünə xüsusi gözəllik bəxş edirdi.

Klub 32 il rayon sakinlərinə xidmət etdikdən sonra 1992-ci ildə müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb.

Təəssüflər olsun ki, bir vaxtlar şəhər sakinlərinin bilet üçün növbələrə durduğu və sevərək baxdıqları film və müxtəlif layihələrə tamaşa etdikləri bu məkan hazırda sanki dağıdılmış tərk edilmiş bir məkanı xatırladır.

Klubda müşahidələrimiz zamanı da zalda oturacaqların olmadığını, qapı pəncərələrin söküldüyünü və taxta parçaları ilə qapadıldığını, eləcə də kinoteatrın işıqlanması üçün istifadə edilən böyük lüstürlərin olmadığınında şahidi olduq. Gördüyümüz mənzərədən belə qənaətə gəlmək olar ki, klubun illər öncə fəaliyyətinin dayandığını fürsət bilən işbazlar müəssisəyə aid olan əşyaları invertarları oğurlayaraq mədəniyyət ocağını talan ediblər. 

Bizim.Media klubun vaxtilə xidmətlərindən istifadə etmiş rayonun yaşlı nəslin nümayəndələri ilə həmsöhbət olub, onların klub haqqında olan təəssüratlarını dinləyib.

Rayon sakini Məhəmməd Rəsulov deyir ki, klub vaxtilə rayon camaatının ən sevimli məkanı olub, biz bu kino müəssisəsinin yenidən bərpa olunaraq istifadəyə verilməsini istəyirik. 

Digər rayon sakin Yaqut Əşrəfova deyir ki, indiki dövrdə istər yaşlı istərsə də gənc nəsil üçün bu klubun işləməsi və fəaliyyət göstərməsi ən vacib amillərdəndir ona görə klubun yenidən fəaliyyətə başlamasının tərəfdarıyam. 

Kinoteatrın mövcud acınacaqlı vəziyyətinin səbəblərini öyrənmək üz tutduq Mədəniyyət Nazirliyinə. 

Nazirlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, Kürdəmir rayonunda yerləşən "Nizami" kinoteatrı Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli, 1003 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən özəlləşdirilməyə açılmışdır.

Sözügedən kinoteatrın ərazisinin bir hissəsi özəlləşsə də uzun illərdir istifadəyə yararsız vəziyyətdə olan əsas bina bugünədək özəlləşdirilməmişdir.

Kinoteatr binasının özəlləşdirilməsi haqqında daha ətraflı məlumat əldə etmək üçün bununla bağlı məsul olan aidiyyəti quruma müraciət etməyiniz tövsiyə olunur.

Nazirliyin açıqlamasından belə qənaətə gəlmək olar ki müəssisə özəlləşdirilməsə heç bir iş görülməyəcək. Bu dəfə də aidiyyatı qurumlar həmişə olduğu kimi yenə bir neçə söz deməklə işlərini bitmiş hesab etdilər. Ümid edək ki, dahi şəxsiyyətin adını daşıyan bu məkan əsaslı təmir olunar və yenidən rayon sakinlərinin sevimli məkanına çevrilər.

Mövzunu diqqətdə saxlayacağıq.

0