Azərbaycana yenidən qar gəlir

ÖLKƏ
15:15 / 17.02.2025
80

"Sinoptik şəraitin analizinə əsasən qeyd edə bilərik ki, fevral ayının üçüncü ongünlüyündə soyuq hava kütlələrinin təsiri nəticəsində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, soyuq hava kütləsinin müdaxiləsi temperatur rejiminə də təsir göstərəcək:

"Belə ki, havanın temperaturu bu günlərlə müqayisədə aşağı enəcək. Bakıda və Abşeron yarımadasında  fevralın 18 və 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər saatlarında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi fevralın 18-də tədricən mülayimləşəcək.  Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-9° isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 19-u axşamdan hava şəraitinin dəyişəcəyi bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq”.

0