“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı: “Rəmzi əhəmiyyətə malikdir”

ÖLKƏ
13:30 / 15.05.2026
110

“Şuşa şəhərində IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının keçirilməsi ölkəmizin mədəni həyatında mühüm və rəmzi əhəmiyyətə malik hadisədir”.

Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Cıdır düzündə baş tutan möhtəşəm festival xalqımızın tarixi yaddaşının, milli ruhunun və mədəni dirçəlişinin parlaq ifadəsidir: 


“Hesab edirəm ki, “Xarıbülbül” festivalının əsas məqsədi mədəniyyətlərarası dialoqun genişləndirilməsi, müxtəlif xalqların musiqi ənənələrinin bir araya gətirilməsi, sənət adamları arasında yaradıcılıq mübadiləsinin təşviqi və gənc istedadların inkişafına dəstək göstərilməsidir. Festival eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir. İşğaldan azad olunmuş torpaqlarda, xüsusilə musiqi beşiyimiz olan Şuşa şəhərində bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir”.

Millət vəkili qeyd edib ki, Şuşada musiqinin yenidən səslənməsi xalqımızın 30 ilə yaxın həsrətdən sonra öz doğma yurduna qayıdışının, tarixi ədalətin bərpasının, Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən dirçəlişinin, milli birliyin təntənəsidir:
“Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mədəniyyət sahəsinə, o cümlədən Qarabağ və Şərqi-Şərqi-Zəngəzurun mədəni dirçəlişinə göstərilən yüksək diqqət və qayğı öz bəhrəsini verməkdədir. Dövlət başçısımızın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, mədəni tədbirlərin təşkili dövlət siyasətinin mühüm tərkib hissəsidir”.

Günay Ağamalı vurğulayıb ki, belə festivalların keçirilməsi çox mühümdür:
“Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən layihələr milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Xarıbülbül” festivalı Azərbaycanın zəfərini, yüksəlişini və milli birliyini təcəssüm etdirən mühüm simvollardandır”.

Elmir Mustafa
 

0