Kəmaləddin Heydərovun oğullarından Hollivud layihəsinə sərmayə - Kassada uğursuz oldu

ÖLKƏ
16:43 / 01.09.2026
98

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğulları – Taleh və Nicat Heydərovların daha bir ABŞ istehsalı filmin maliyyələşdirilməsində iştirak etdiyi bildirilir.

HİT.az xəbər verir ki, bu barədə mühacirətdə yaşayan jurnalist Cavanşir Həsənli sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, söhbət məşhur amerikalı aktyor Alan Ritchsonun baş rolda çəkildiyi “Motor City” triller filmindən gedir. Filmin premyerası avqustun 8-də Nyu-Yorkda, “Ludlow House”da keçirilib. Film iyulun 24-də ABŞ kinoteatrlarında nümayişə çıxıb.

Məlumata görə, filmin istehsal büdcəsi təxminən 30 milyon dollar təşkil edib. Lakin “The Numbers” platformasının 29 avqust 2026-cı il tarixinə olan məlumatında filmin dünya üzrə kinoteatr gəlirlərinin təxminən 3,02 milyon dollar olduğu göstərilir.

Bu göstərici filmin kassada istehsal büdcəsini geri qaytara bilmədiyini göstərir. Beləliklə, “Motor City”nin kinoteatr nümayişindən əldə etdiyi gəlir onun istehsal xərclərindən təxminən 10 dəfə az olub.

Jurnalistin paylaşımında daha bir diqqətçəkən məqama toxunulub. Bildirilir ki, Taleh Heydərovun “IMDb”dəki bioqrafik məlumatında onun Hollivud kino şirkətlərinə investor olduğu qeyd edilir.

Həmin məlumatda Taleh Heydərovun UTA ilə yanaşı, “Motor City” filminin əsas istehsal şirkətlərindən biri olan Stampede Ventures tərəfindən yaradılmış HappyNest Entertainment şirkətinin idarə heyətində yer aldığı bildirilir. “IMDb”də bu bioqrafik məlumatın mənbəyi kimi isə məhz Stampede Ventures göstərilir.

Bununla yanaşı, sözügedən məlumatların maliyyə baxımından konkret sərmayə məbləği və Heydərov qardaşlarının “Motor City” layihəsində hansı həcmdə iştirak etdiyini göstərmədiyini də qeyd etmək lazımdır.

Qeyd edək ki, Kəmaləddin Heydərovun oğullarının bundan əvvəl də ABŞ istehsalı olan film layihəsində iştirak etdiyini yazmışdıq. Söhbət 2025-ci ildə ekranlara çıxan “Dead of Winter” (“Qışın ortasında”) triller filmindən gedir. Taleh Heydərov və Nicat Heydərov filmin yaradıcı heyətində icraçı prodüser (executive producer) kimi göstəriliblər.

“The Numbers” məlumatına əsasən, “Dead of Winter” filminin dünya üzrə kinoteatr gəlirləri təxminən 3,36 milyon dollar təşkil edib.

Beləliklə, Heydərov qardaşlarının iştirak etdiyi bildirilən iki ABŞ film layihəsinin də kinoteatr gəlirləri diqqət çəkir. Lakin filmlərin gəlirlərinin aşağı olması onların ümumi kommersiya nəticəsinin mütləq şəkildə uğursuz olduğu anlamına gəlmir. Çünki filmlərdən gəlir yalnız kinoteatr nümayişlərindən deyil, yayım platformaları, televiziya hüquqları, beynəlxalq distribusiya və digər kommersiya kanallarından da əldə edilə bilər.

Bununla belə, “Motor City”nin açıqlanan təxminən 30 milyon dollarlıq istehsal büdcəsi və 3 milyon dollardan bir qədər çox kinoteatr gəliri arasında ciddi fərq olduğu görünür. Heydərov qardaşlarının bu layihələrə sərmayə qoymasının məqsədi və maliyyələşmənin konkret şərtləri barədə isə açıq mənbələrdə ətraflı məlumat yoxdur.

0