“Ağstafa rayonundakı “Yaşıl Göl” ailəvi istirahət mərkəzindən götürülən iki ayı və iki canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Vəhşi heyvanlar orada baytar həkim tərəfindən müayinə olunacaq və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.
HİT.Az xəbər verir ki, bunu jurnalistlərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, heyvanları qəfəsdə saxlayan restoran sahibi Söhrab Rəsulovun barəsində isə akt və protokol tərtib olunub, o, vəzifəli şəxs qismində 2 000 manat məbləğində cərimə edilib.
A.Səmədova kafe, restoran sahiblərinə çağırış edərək bildirib ki, vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasının qəti əleyhinədirlər və bu, vəhşi heyvanların mühafizəsi sahəsində mövcud olan beynəlxalq konvensiyalarla da yolverilməz hesab olunur:
“Vəhşi təbiətin mühafizəsinə diqqət göstərən və öz töhfəsini verərək bu cür faktları ictimailəşdirən hər bir vətəndaşa təşəkkür edirik”.