“Düşmənin komandir heyətinin önəmli hissəsi məhv edilib” - Hərbi ekspert

18:39 / 20.10.2020
1171

Ermənistan ordusuna aid silahlı birləşmələrin döyüş mövqeyini tərk etməsi intensiv xarakter alıb. İndi təkcə ermənilər deyil, bu ölkəyə köməyə gələn muzdlular da Azərbaycan Ordusu ilə döyüşə girməkdən açıq şəkildə imtina edirlər. Ən son məlumatlara görə, ermənilərin 18-ci diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi də döyüş mövqeyini tərk edib. Proses bu cür davam edərsə, düşmənin yaxın günlərdə silahı tamailə yerə qoyması gözləniləndirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Rəşad Süleymanov qeyd edib ki, Ermənistan ordusunda hələ döyüş əməliyyatının ilk günlərindən psixoloji vəziyyət gərginləşməyə başlayıb:

“Lakin onlar kütləvi itkilərin yerini doldurmaq, eləcə də Azərbaycan Ordusuna müqavimət göstərmək məqsədilə ASALA-nın üzvlərini, başqa ölkələrdən gələn silahlı terrorçu dəstələrini də cəbhə xəttinə döyüşməyə göndərirlər. Məsələ burasındadır ki, muzdlu qüvvə o qədər də effektli vasitə deyil. Bunu dünya təcrübəsi göstərir. Müvəqqəti kiçik döyüşlərdə nəsə edə bilsələr də, adətən, başıpozuq hərəkət edirlər. Kim çox pul versə, rahatlıqla onun tərəfinə keçə bilərlər. Muzdlular arasında bir balaca itki olan zaman aləm bir-birinə qarışır, onlarla mərkəzi komandanlıq arasında ziddiyyət yaranmağa başlayır. Bildirim ki, muzdlu qüvvələrlə komandanlıq arasında ziddiyyət yaratmaq çox asan bir məsələdir”.

Ekspert diqqətə çatdırıb ki, oktyabr ayının birinci həftəsinin sonuna doğru Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi genişmiqyaslı üstünlüklər düşmənə böyük zərbə olub:

“Nəticədə Qarabağdakı erməni qüvvələrinin arasında kommunikasiya sıradan çıxıb, artıq idarəetmə problemi yaranıb. Xüsusilə də pilotsuz uçuş aparatları (PUA) vasitəsilə endirilən zərbələr nəticəsində düşmənin ağır texnika və silahlarının önəmli qismi məhv edilib ki, bu da onların müqavimətinin qırılmasında, psixoloji vəziyyətin gərginləşməsində mühüm rol oynayıb. Artıq Müdafiə Nazirliyimizin yaydığı videolarda görürük ki, PUA-lardan canlı hədəflərə qarşı da geniş istifadə olunmağa başlayıb. Çünki onların böyük texnikaları qalmayıb. Düşmənin əsgərləri nəinki qurudan, həm də havada məhv edilir. Bu da təbii ki, onlarda qorxu sindromu yaradıb. Belə olan halda kim döyüşə girər ki? Düşmənin komandir heyətinin önəmli hissəsi də məhv edilib. Bütün bu psixoloji gərginlik müqavimətin qırılmasına hesablanıb. Bu gün qoşunlarımız cəbhənin bütün istiqamətlərində faktiki olaraq əməliyyat üstünlüyünə malikdir. Düşmən meyitlərinin niyə döyüş bölgəsindən götürmürdü? Çünkİ minlərlə tabut Ermənistana gedəndə vəziyyət orada daha da gərginləşəcəkdi və bu psixoloji gərginlik artıq sürətli geri qaçışa təkan verəcəkdi. Bu gün xəbərləri izləyirik, məlumatları təhlil edəndə görürük ki, işğal altında olan Azərbaycan ərazilərində separatçı rejimin fövqəladə vəziyyət elan etməsinə, əli silah tutan insanların Ermənistanda digər yerlərə qaçmasına mane olmaq üçün sərtləşdirilmiş tədbirlərin həyata keçirilməsinə baxmayaraq, onların arasında panika var”.

Həmsöhbətimiz vurğulayıb ki, düşmənin döyüşmək üçün qocaları orduya çağırmasının heç bir effekti yoxdur:

“Onlar şəkil çəkdirərək Qarabağa döyüşməyə getdiklərini yazırlar. Bir gün sonra həmin şəkilin üstden xətt çəkilir, çünki avtobusları vurulur. Düşünürəm ki, bütün bu proseslər, düşmənin panika vəziyyəti, isterikaya qapılması onların döyüş aparma imkanları minimuma endirir, sonadək gedə bilməyəcəklər. Onların rəhbərliyi belə bir variant işlədir ki, guya dağ-meşə şəraitində partizan döyüşləri gedir və sair. Lakin bilmək lazımdır ki, bunun artıq effekti olmayacaq. Çünki payız-qış mövsümü gəlir və bizim ordumuz üçün dağ-meşə şəraitində onları rahatlıqla tapıb ovlamaq 2x2-dir. Bu baxımdan hesab edirəm ki, ən geci bir ay ərzində Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları yerinə yetirərək düşmənə ağır zərbələr vuracaq və torpaqlarımız azad ediləcək. Nə muzdlular, nə qocalar Ermənistan ordusuna fayda verməyəcək. Onların ağlı 1990-cı illərə gedir. Apreldə də gəlmişdilər, ancaq silah oğurlayıb getdilər. Onlar nizami bir ordu deyil, idarə edilməsi olduqca çətindir. Bununla yanaşı qarabağlılarla ermənistanlılar arasında ziddiyyət dərinləşib. Çünki onlar bir-birlərini qəbul etmək istəmirlər, hətta itkilərə görə bir-birlərini satqınlıqda günhalandırırlar. Bəli, bu, mövcuddur. Faktiki olaraq qeyd edə bilərəm. Çünki sosial şəbəkələrdə yayılan müəyyən məlumatlar nəticəsində və bizim ordu zabitləri ilə söhbətimiz zamanı bu məlum olub ki, Qarabağdakı separatçılar-Araik Arutünyanın rəhbərlik etdiyi qondarma terrorçu qurum Ermənistandan gələn qüvvələri, xüsusilə də yaşlıları məqsədli şəkildə cəbhənin önünə yeridirlər. Əllərinə də sadəcə bir avtomat verirlər. Son on günü biz analiz etsək, görərik ki, ən çox itkilər yaşlılar arasındadır. Əksəriyyəti birinci Qarabağ müharibəsində iştirak edənlərdir. Onları məqsədli şəkildə göndərib məhv etdirirlər, reallıq budur, bu da onlar arasında ciddi narazılıq yaradıb”.

0