"Səfurəyə evlilik təklifi elədim, o isə..." -  İllər sonra açılan sirr

MƏDƏNİYYƏT
10:25 / 28.12.2020
1411

“Biz 1960-cı ildə İncəsənət universitetinə daxil olub, 1964-cü ildə oranı bitirmişik. Bizim qrupumuzda 10 qız, 10 oğlan var idi. Bir gün kurs rəhbərimiz Rza Təhmasibə dedim ki, biz 10 qız, 10 oğlanıq, elə bil bizi xüsusi seçib, yığıblar. O da cavabında dedi ki, siz universiteti bitirib gələcəyin sənətçiləri olacaqsız. Yaxşı olardı ki, elə bir-birinizlə ailə həyatı qurub, sənət fəaliyyətinizi davam etdirəsiz. Bundan gözəl nə ola bilər? Çünki o vaxt bəzi hallarda aktyorlara qız vermirdilər”

Bu sözləri moderator.az-a açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib. Aktyor həmkarı, Xalq artisti Səfurə İbrahimovaya evlilik təklifi etdiyini bildirib:

“Bizim kursda ən gözəl qızlar bir Səfurə idi, bir də Nurəngiz Gün. Mən Səfurəyə evlilik təklifi edib, sevgimi bildirdim. O bu təklifimi çox bəyəndi və mənə razılıq verdi. Amma onun qarşısına bir şərt qoydum: “Səfurə, universiteti bitirəndən sonra ailəmə deyəcəm sənə eçli gəlsinlər. Amma bir şərtim var, mən aktyor olacam, sən isə aktrisa olmayacaqsan”. Səfurə etirazını bildirib dedi ki, onda mən bu 4 ili niyə oxumuşam? O sənətini daha çox sevirdi, mən də kənd uşağı idim, aktrisa almaq istəmirdim. Bu söhbətdən sonra yollarımız ayrıldı, bu izdivac baş tutmadı. Amma dostluğumuz davam edirdi, çalışdığı teatrda hər zaman tamaşalarına gedib baxırdım, görüşüb söhbətləşirdik. Səfurə çox gözəl aktirsa idi. Son illərdə evinə heç kimi buraxmırdı, təkcə jurnalist Əli Novruzəliyevdən başqa. Əli məni illər sonra Səfurə ilə görüşdürdü, o illəri yenidən xatırlamaq fürsətimiz oldu. Çox böyük sənətkar idi, təəssüflər olsun ki, dəfnində iştirak edə bilmədim. Çünki sərt karantinə düşdü, mən Ağstafada idim”

0