“AzerGold” ötən qızıl hasilatını 3%, gümüş hasilatını isə 11% artırıb - FOTO

İQTİSADİYYAT
15:12 / 03.02.2022
864

2021-ci ildə "AzerGold" QSC 61.5 min unsiya qızıl, 134,4 min unsiya gümüş istehsal edib.

HİT.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, qızıl hasilatı plandan 11%, gümüş hasilatı isə 55% artıq icra edilib. 2020-ci illə müqayisədə qızıl hasilatı 2,5%, gümüş hasilatı isə 10,9% artıb.

Z.İbrahimov hasilat göstəricilərini "AzerGold"da keçirilmiş müşavirədə açıqlayıb. Sədr Prezident İlham Əliyevin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə gerçəkləşdirdiyi tarixi səfərinin şirkətin fəaliyyətinə verilən ən yüksək qiymət və əlavə stimul olduğunu diqqətə çatdırıb. O, dövlət başçısının dağ-mədən sahəsinin ölkənin qeyri-neft sektorunda aparıcı sahəyə çevrildiyini xüsusilə vurğuladığını və şirkətin fəaliyyətinə dair bir sıra vacib tapşırıqlar verdiyini qeyd edib.

Z.İbrahimov yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması istiqamətində geoloji kəşfiyyat işlərinin daha da intensivləşdirilməsi, bütün sahələr üzrə artım dinamikasının qorunub saxlanılması, qızıl-gümüş məhsullarının daxili pərakəndə satışı, zərgərlik bazarının inkişafına töhfələrin verilməsi, kadr hazırlığı, Cəmiyyətin əsas prioritet sahələrindən biri olan korporativ sosial məsuliyyət və ətraf mühitin mühafizəsi tədbirləri barədə müvafiq tapşırıqlarını verib. Müşavirədə 2022-ci ilin birinci yarımilində görüləcək işlər diqqətə çatdırılıb və tədbirə yekun vurulub.

0