Azərbaycanlı məşqçilər nə üçün xaricdə çalışa bilmirlər?

İDMAN
17:21 / 29.01.2024
547

"Azərbaycanlı məşqçilərin xaricdə çalışması piramidanın ən son halqasıdır". 

Bu sözləri tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında azərbaycanlı məşqçilərin xaricdə çalışmaması səbəblərindən danışarkən deyib. 

O bildirib ki, əvvəlcə, sözün həqiqi mənasında Azərbaycanda futbol olmalıdır:

"Biz bu futbolu dünyaya təqdim etməliyik: bizdə futbolçu da var, məşqçi də deməliyik. Amma bunların heç biri yoxdur. Azərbaycan dünyanın ən zəif futbol ölkələrindən biri hesab olunur. Belə bir ölkədən kim məşqçi axtarar? Təbii ki, belə məqamda yenə də “Qarabağ” və Qurban Qurbanov amilindən yapışacağıq.

Bəli, Qurban Qurbanovun “Qarabağ”ı Avropada özünün sübut edib. Bu, ümumi Azərbaycan futbolu kontekstində bir həlqədir. Amma bütövlükdə futbolumuzun Avropada imici çox aşağıdır".

Natiq Muxtarlı hesab edir ki, xarici klublar Qurban Qurbanovla maraqlanıb:

342689

"Böyük ehtimalla, Qurban Qurbanov xaricdən təklif alıb. Xüsusən də Türkiyə klublarından. Bu haqda mətbuatda iddialar səslənib. Amma Qurban Qurbanov bu təklifləri qəbul etməyib. Düşünürəm ki, düz də edib. Çünki Türkiyə futbolunda da qeyri-peşəkar idarəetmə sistemi var. 

Fikir verin, bir mövsüm ərzində elitada çıxış edən klubların az qala hamısı baş məşqçini dəyişir. Belə mühitdə Qurban Qurbanov nə edə bilər? Ona öz fəlsəfəsini təqdim etmək üçün vaxt lazımdır. Türkiyədə isə bu vaxtı heç kimə vermirlər. Ona görə də, Qurban Qurbanovun elə Azərbaycanda qalması məqbuldur. Ən azı biz “Qarabağ”ı itirmirik". 

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın Avropada futbol ölkəsi kimi tanınanda yerli mütəxəssislərimiz xaricdən təklif alacaqlar:

"Yığmamız və klublarımız uğurlu olacaq, daha sonra futbolçularımız Avropa klublarında görünəcəklər. Bundan sonra isə növbə mütəxəssislərə çatar. 

Hətta bu vəziyyətdə də azərbaycanlı mütəxəssislər rahatlıqla Türkiyə, İran, Qazaxıstan klublarını çalışdıra bilər. Amma futbolumuzun imici aşağı olduğu üçün bizim bazara tərəf baxan yoxdur. Əvvəlcə futbolumuzun sifəti müəyyənləşəcək, sonra isə kadrlarımıza ehtiyac yaranacaq".

Pərviz

0