Onun biznes romanı - 140 milyona aldığı klubu 2.5 milyarda satan, əli üzündə qalan adam

İDMAN
10:49 / 01.02.2024
504

Rusiyalı iş adamı Roman Abramoviç, “Çelsi” futbol klubu və bu klubun satışı məsələsi yenidən gündəmdədir.

Bu dəfə Böyük Britaniyada bu məsələni gündəmə gətirən britaniyalı lordlardır. Onlar Böyük Britaniya hökumətini “Çelsi”nin satışından əldə olunan 2,5 milyard funt-sterlinqin hələ də humanitar məqsədlər üçün Ukraynaya köçürülməməsindən narazıdırlar.

Əslində, klubun keçmiş sahibi ilə Britaniya hökuməti arasında apelyasiyalıq münaqişə yoxdur. Çünki 2022-ci ildə Abramoviç sanksiyaya məruz qalmış 7 rusiyalı oliqarxdan biri olduğu üçün “Çelsi”ni satmağa vadar olub və satışdan gələcək pulun Ukraynadakı münaqişə qurbanlarına yardıma xərclənməsi şərti ilə klubu 2.5 milyard funt-sterlinqə satıb. Necə deyərlər, o, pulun halallığını verib və ona dair heç bir iddiası qalmayıb.

Abramoviç özü isə “Çelsi”ni 2003-cü ilin iyununda almışdı. O zamanlar o, Rusiyada gənc biznesmen kimi məşhur olsa da, Qərbdə az tanınırdı. 2000-ci illərin əvvəllərində Qərbdə rus oliqarxları haqqında fikirlər çox qeyri-müəyyən olub. İctimaiyyət bu insanların pullarının miqdarı və mənşəyi haqqında heç nə bilməyib. İngiltərə mediası rusların birdən-birdən “Çelsi”yə niyə ehtiyac duyduğuna dair fərziyyələrlə dolu məqalələr dərc edib, “Guardian isə londonluların potensial patronu haqqında materialını istehzalı sualla yekunlaşdırıb: “Atkooda dyengi?”

O zamanlar Roman Abramoviç Rusiyanın ən varlı adamları siyahısında 15-ci yerdə olub. Böyük Britaniyanın keçmiş idman naziri Toni Benks “Forbes” jurnalının həmin reytinq cədvəli olan nömrəsini mediaya göstərib, Abramoviçin kim olduğunu bildirib. Bu, Britaniya ictimaiyyətini inandırmayıb.

“Çelsi” təmsilçiləri də bu klubun alqı-satqısı sarıdan əndişəli olublar. Çünki özləri İngiltərədə tanınmış fırıldaqçılar imişlər. Bu, ilk növbədə, klubun sahibi Ken Beytsə aiddir. O, Britaniyada, Cənubi Afrikada və digər yerlərdə tikinti sənayesində çoxsaylı fırıldaqlar vasitəsilə böyük kapital qazanıbmış.

Vaxtilə Beyts Monte-Karloda tətildə olarkən “Çelsi”ni klubun o vaxtkı sahibi Brayan Mersdən 1 funt-sterlinqə alıb. Klub borc içində olub və İngiltərə liqaları arasında gedib-gəlib. 1982/83-cü il mövsümündə “Çelsi”, demək olar ki, üçüncü diviziona düşüb və turnir cədvəlində 18-ci yeri tutub.

Beyts klubu aldıqdan sonra “Chelsea Village Limited” şirkətini yaradıb və bu şirkət kluba rəhbərliyi öz üzərinə götürüb, kluba yatırmaq üçün banklardan 75 milyon funt-sterlinq kredit alıb. “Stamford Bridge” stadionu ətrafında otellər, restoranlar və bahalı mənzilləri olan evlər tikilməli imiş. Lakin biznes-layihə uğurlu alınmayıb və 2002-ci ilin sonuna qədər “Çelsi”nin borcu 100 milyon funt-sterlinqə çatıb. Klub bu böyüklükdə məbləğin qarşısında məhv olmaq ərəfəsinə gəlib. Bu zaman rus milyarder Roman Abramoviçin ortaya çıxması “Çelsi”ni tam iflasdan, onun sahibi Ken Beytsi isə qaytara bilmədiyi borclara görə həbsə düşməkdən xilas edib. Onların arasında sövdələşmə cəmi 10 dəqiqə çəkib, Abramoviç “Çelsi”ni ondan 140 milyon dollara alıb.

Bir çoxları Abramoviçin azarkeşi olmadığı komandanı - “Çelsi”ni niyə aldığına dair suallar veriblər. Bəziləri bunu PR kampaniyası hesab edib, əksəriyyət isə bu alqı-satqının nə Abramoviç, nə də “Çelsi” üçün uğur gətirməyəcəyini iddia edib.

Roman Arkadyeviç isə əsası 1905-ci ildə qoyulan, ancaq bir əsrlik tarixində məşhurlaşmayab, yalnız bir dəfə (1955-ci ildə) İngiltərə çempionu olan London klubunu qısa müddətdə dünyanın ən məşhur klubuna çevirməyi bacarıb. “Çelsi”nin super kluba çevrilməsi, söz yox ki, Roman Abramoviçin kluba xərclədiyi milyonların hesabınaydı.

Rusiyada qazandığı milyardların bir hissəsini “Çelsi”yə, onun bahalı məşqçiləri, qaradərili oyunçuları, ingiltərəli futbol azarkeşlərinin zövqü üçün xərclənməsi Rusiyada Abramoviçə qarşı qıcıq yaradırdı, amma rusiyalı azarkeşlər də “Çelsi”ni “rus klubu” sayır, onun uğurlarına sevinirdilər.

Sonradan aydın oldu ki, Abramoviçin “Çelsi”ni alması gerçəkdən də çox uğurlu bir biznes layihəsi olub. İş adamı “Çelsi”nin sayəsində şübhəli biznesmendən dünyanın biznes dairələrində yaxşı tanınan, şöhrətli, populyar, nüfuzlu, etibarlı iş adamına çevrildi, faydalı əlaqələrə sahib oldu. Klub da Abramoviçin milyardları sayəsində inkişaf etdi və onun mülkiyyətində olduğu müddətdə 21 mükafat (o cümlədən İngiltərə çempionluğu, ölkə kuboku, Çempionlar Liqasının qalibi və s.) qazandı.

“Çelsi”nin sahibi olduğu vaxt Abramoviç qubernatoru olduğu Çukotkadan çox Londonda və Avropanın digər şəhərlərində olur, klubunun bir oyununu belə buraxmırdı. RF prezidenti Putin onun futbol şövqünə sayğıyla yanaşır, həvalə etdiyi Çukotkadakı iş yerinə getməməsinə göz yumurdu. Əslində Abramoviçin qubernatorluğu formal xarakter daşıyırdı, o diyarda bütün işləri onun müavinləri görürdü. Putin bu vəzifəni onun boynuna zorla, qazandığı milyardların bir hissəsini də Çukotka muxtar dairəsinə yatırması üçün qoymuşdu.

Abramoviç “Çelsi” gücləndirmək üçün milyonlar xərcləməyə başlarkən, ingilislərin həssaslığına əhəmiyyət verməyib. Əgər o, hansısa güclü oyunçunu almaq istəyibsə, dərhal rəqiblərinin təklif etdiyi məbləğdən iki dəfə böyük məbləğ təklif edib . İlk vaxtlarda Abramoviç futboldan bir şey bilməsə də, əla məsləhətçiləri olub. Onun məsləhətçilərinin sifarişi ilə bir çox rusiyalı jurnalistlər “Çelsi”nin maraqlandığı futbolçular haqqında hərtərəfli analitik reportajlar yazıblar.

Ona görə də “Çelsi” qısa müddətdə güclü və balanslı bir heyət toplaya bilib. O dövrdə dünyanın ən yaxşı məşqçisi, iddialı və aqressiv Joze Mourinyo kluba cəlb edilib və o, Peter Çex - Con Terri - Frank Lempard - Didye Droqba xətti yaradıb. Bunun sayəsində “Çelsi”nin uğurları sıralanıb.

Ancaq Rusiyanın Ukraynada başlatdığı müharibə Abramoviçin “dogma və əziz klubu”nu əlindən aldı. O, hər şeyi tez anladı, müqavimətin yersiz və faydasız olduğunu başa düşdü və klunun satılmasına razılaşdı. Vaxtilə onun 140 milyona aldığı, 5 o qədər pul yatırdığı klub 2.5 milyard funt-sterlinqə satıldı, amma Abramoviç bu boyda puldan bir funtun yiyəsi olmadı.

İndi ingilislər onun pulunu banklarda dondurub saxlayırlar. Belə görünür ki, onlar onu şərtləşdikləri kimi Ukraynaya vermək istəmirlər, özləri də bölüşdürüb xərcləyə bilmirlər.

Abramoviçi isə axırıncı dəfə İstanbulda, dostları ilə birlikdə restoranda yemək yeyərkən görüblər. O və dostları, bizim pulla 5 min manatlıq yemək yeyiblər, Abramoviç isə ofisiantlara 10 min manat “çaypulu” verib.

Mənbə: musavat.com

0