"Gənclərin milli şüurunda tarixi torpaqlara qayıdış" - Qərbi Azərbaycanla bağlı daha bir layihə keçirildi

ÖLKƏ
12:27 / 13.03.2024
282

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "İdeal gələcək" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin milli şüurunda tarixi torpaqlara qayıdış" layihəsi həyata keçirilib. 

Layihənin məqsədi Qərbi Azərbaycanın azərbaycanlılara məxsus ərazilərinin, tarixi abidələrinin, mədəni irsinin gənclərə tanıdılması, eləcə də gənclərdə milli şüurun formalaşmasına və tarixi torpaqlarımıza qayıdış konsepsiyasının icrasına töhfə verilməsidir. 

Qarşıya qoyulan məqsədə nail olmaq üçün bir neçə ali təhsil ocağında ictimai xadimlər və Qərbi Azərbaycandan olan ziyalılarla tələbələrin görüşləri keçirilib, layihə çərçivəsində hazırlanan tarixi pazllar gənclərə təqdim edilib. 

Layihənin ilk tədbiri Azərbaycan Texniki Universitetində professor Qulu Məhərrəmli və yazıçı Tural Cəfərovun, növbəti tədbiri Azərbaycan Mühəndislik Universitetində tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova və Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri, Qərbi Azərbaycandan deportasiya olunmuş İrəvan şəhər sakini 
İradə Rizazadənin, sonuncu tədbiri isə Azərbaycan Dövlət Pedaqoji Kollecində Sosial Tədqiqatlar Mərkəzin departament müdiri Əziz Əlibəyli və Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlunun iştirakı ilə keçirilib. Jurnalist Sevinc Fədainin moderatorluğu ilə baş tutan tədbirlər "Azərbaycanın milli kimlik fəlsəfəsi", "Gənclərin yurda dönüş məfkurəsinin tarixi və milli qatları", "Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi”, "Qərbi Azərbaycan: arzulardan reallığa - gəncliyin tarixi imkanları kontekstində", "Qərbi Azərbaycana niyə qayıtmalıyıq?" kimi mövzuları əhatə edib. 

Layihə iştirakçısı olan tələbələr tarixi həqiqətlər, Qərbi Azərbaycan torpaqları, mədəni irsi barədə bədii informasiya və təsirli məlumatlar əldə ediblər. Layihə yeni nəslin Qərbi Azərbaycan haqda ortaya çıxan suallara cavab axtarması, bu barədə düşünməsi, araşdırması üçün stimul olub. Gəncləri tarixi və təsirli bir səyahətə aparan milli pazllar və təlimlər onları Azərbaycan maraqlarının təbii müdafiəçisinə çevirmək üçün şərait yaradıb.

0