Alimlər Yer kürəsində indiyədək məlum olan ən böyük əqrəb növünü müəyyən ediblər. Təxminən 415 milyon il əvvəl yaşamış bu canlı bir metrdən artıq uzunluğa malik olub və ölçülərinə görə orta boylu itlə müqayisə edilir.
HİT.az xəbər verir ki, bu barədə “ScienceAlert” nəşri “Palaeontology” elmi jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.
“Praearcturus gigas” adlandırılan qədim əqrəbin qalıqları Böyük Britaniyada tapılıb. Onlar ilk dəfə 1870-ci illərdə aşkar edilsə də, uzun müddət alimlər arasında bu canlının hansı növə aid olması ilə bağlı mübahisələr davam edib.
Yeni araşdırmada kompüter tomoqrafiyası və digər paleontoloji üsullardan istifadə olunaraq qalıqlar yenidən təhlil edilib. Nəticədə onun nəhəng əqrəb növü olduğu müəyyənləşdirilib. Canlının yalnız qısqaclarının uzunluğu 16 santimetrə çatıb.
London Təbiət Tarixi Muzeyinin paleontoloqu, tədqiqatın aparıcı müəllifi Riçi Hovardın sözlərinə görə, bu əqrəbin nəhəng ölçülərə çatmasının səbəbi həmin dövrdə quruda digər iri yırtıcıların olmaması ola bilər. Bu şərait ona yaşadığı mühitdə üstün mövqe tutmağa imkan verib.
Tədqiqatçılar hesab edirlər ki, “Praearcturus gigas” həm quruda, həm də suda ov edə bilib. Onun bəzi ətraflarında aşkarlanan xüsusi daraqvari strukturlar isə bədən hissələrini bir-birinə sürtməklə səs çıxara bildiyini göstərir. Bu üsul stridulyasiya adlanır və bəzi müasir əqrəblərdə də müşahidə olunur.
Uelsdə tapılan qalıqlarda xərçəng və omarlarda rast gəlinən quruluşlara bənzər, kürəkşəkilli hissələr də müəyyən edilib.
Alimlərin fikrincə, zaman keçdikcə qida uğrunda rəqabətin artması nəhəng əqrəbin nəslinin tükənməsinə səbəb olmuş ola bilər. Bununla belə, onun aid olduğu növün ilkin qalıqların yaşadığı dövrdən sonra daha 40 milyon il mövcudluğunu davam etdirmiş ola biləcəyi ehtimal edilir.
Araşdırma qədim əqrəblərin təkamülü ilə bağlı başqa bir suala da diqqət çəkir. Genetik məlumatlara əsaslanan təkamül modelləri əqrəblərin hörümçəklərlə yaxın qohum olduğunu və əcdadlarının hava ilə nəfəs aldığını göstərir. Bu baxımdan “Praearcturus gigas”ın əcdadları quruda yaşamağa başladıqdan sonra yenidən su mühitinə qayıtmış canlı nümunəsi ola biləcəyi ehtimal olunur.
Samir


