Bağlanan banklarda əmanəti qalan vətəndaşların NƏZƏRİNƏ

09:00 / 15.05.2020
1181

Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 4 bankın lisenziyası ləğv edilib. Onlardan “Atabank” və “Amrahbank”-ın ləğvedicisi artıq müəyyən edilib. Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, artıq 2020-ci il iyun ayının 1-dən həmin banklarda olan QORUNAN ƏMANƏTLƏRİN qaytarılmasına başlanılacaq. Bu siyahıya adıçəkilən 2 bankdan əməkhaqqı alan vətəndaşların KARTLARDA və ya CARİ HESABLARDA qalan vəsaitlərİ də daxildir. Vəsaitləri Kapital Bank filiallarından alacaqlar.

XÜSUSİ QEYD:

Karantin şərtlərinə zidd olaraq ayın 1-də hamının eyni vaxtda banka getməsinə ehtiyac yoxdur. Çünki əmanətlərin qaytarılması üçün 1 il vaxt müəyyən edilib. Yəni, vətəndaşlar bağlanan banklarda qalan vəsaitlərini geri almaq üçün 2021-ci il mayın 1-dək istənilən iş günü müraciət edə bilərlər.

İyunun 1-dən heç də hamıya əmanətlər qaytarılmayacaq. İlk mərhələdə ancaq 30 min manata qədər məbləğdə olan vəsaitlərin geri ödənilməsinə başlanacaq. 30 min manatdan artıq əmanəti olanlar isə İYUL AYININ 1-DƏN eyni qaydada Kapital Bank-ın filiallarına müraciət edəcəklər.

Yeri gəlmişkən, həmin filiallar hələ müəyyən edilməyib. ƏSF bu barədə əlavə məlumat verəcək.

TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Cari hesablarda, əməkhaqqı kartlarında vəsaiti olan vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə filiala yaxınlaşacaqlar. Orada yerindəcə ərizə formasını dolduraraq bank əməkdaşına təqdim edəcəklər. Məlumatlar yoxlanlılacaq, əgər bankda olan məlumatlarla uyğun olarsa, yerindəcə vəsait vətəndaşa ödəniləcək. Onlardan başqa heç bir sənəd tələb olunmayacaq.

Həmin ərizə Əmanətlərin Sığortalanması Fonduna müraciət üçündür. Ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin hansı valyutada qoyulduğu (manatda və ya digər valyutada), əmanətçinin özü barədə məlumat (adı, soyadı, doğulduğu yer, təvəllüdü (ay, il), ünvanı, əlaqə telefonu və e-mail ünvanı), kompensasiyanı hansı formada almaq istədiyi göstərilməlidir.

Təəssüf ki, bağlanan bankların işçiləri üçün bu sözləri deyə bilməyəcəyik. Onların cari hesablarında olan əməkhaqları bu mərhələdə ödənilməyəcək. Əgər əməkhaqlarını digər bankdan alıblarsa, indi də oradan ala biləcəklər.

Əmanətini geri almaq istəyən vətəndaşlar isə şəxsiyyət vəsiqəsi ilə yanaşı digər sənədləri də təqdim etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər və onların surətləri əlavə olunmalıdır:

əmanət (bank hesabı) müqaviləsi;əmanət kitabçası (yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd);əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi.

Məlumatlarda uyğunsuzluq olmazsa, əmanətçi Kapital Bank-da ərizə yazdığı gün konpensasiyasını alacaq. Yəni, konpensasiyanın alınması üçün əmanətçiyə debet kartı və ya Xəzri köçürmə sisteminin kodu təqdim ediləcək. Əmanətçi istədiyi vaxt Kapital Bank-ın bankomatına yaxınlaşaraq kart və ya kodu ilə kompensasiyanı çıxarda bilər.

ONLAYN NÖVBƏ VACİBDİR

Ümid edirəm bir çox suallara cavab verə bildim. Bu günlərdə bu və ya digər səbəblərdən banklara müraciətlər artıb. Girişdə xeyli növbələr yaranıb. Əmanətlərin qaytarılmasına başlananda daha da artacaq. Pandemiyanın yayıldığı günlərdə belə sıxlığın qarşısını almaq üçün bir çox strukturlar vətəndaşları onlayn növbə aldıqdan sonra onun üçün təyin edilən vaxtda qəbul edirlər. Banklarda da bu təcrübənin tətbiq edilməsinə ciddi ehtiyac var.

Müəllif: Fərqanə Allahverdiqzı

P.S. Çox güman ki, bu qaydalar digər 2 bankın əmanətçilərinə də tətbiq ediləcək. Ancaq onların ləğvedicisi barədə hələki rəsmi açıqlama verilməyib. Ona görə də yuxarıdakı qeydlər hələlik ancaq “Atabank” və “Amrahbank” müştərilərinə aiddir.

0
Konkret.az