Günvurma zamanı nə etməli?

SAĞLAMLIQ
21:00 / 20.06.2024
348

Yay fəslində insanları narahat edən məsələlərdən biri də gün vurmadır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə günvurma ilə bağlı iyunun 1-dən bu günə qədər ümumən 12 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə TƏBİB məlumat yayıb.

Onlardan 10 nəfərə yerində yardım göstərilib, digər iki şəxs isə hospitalizasiya olunub.

Qeyd etdiyimiz kimi, isti yay günlərində insanları narahat edən problem gün vurmadır. 

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, havanın çox isti vaxtlarında mümkün qədər örtülü, sərin yerlərdə qalmaq, yüngül baş örtüyü, çətir, gün eynəklərindən istifadə etmək, gün ərzində 2-3 litrə qədər maye qəbul etmək məsləhət görülür. Xüsusilə, xəstə, qoca və uşaqları havanın çox isti vaxtlarında günəşin yandırıcı şüalarından qorumaq, çimərliklərdə və açıq havada olmaqdan çəkinmək də mühüm şərtlərdən biridir: 

“Günvurmanın ilkin əlamətləri müşahidə edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarlarını çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verilməli, üzü və sinəsi sərin su ilə silinməlidir. Həmçinin, başına, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə buz və ya soyuq su ilə kompres qoyulmalıdır”.

Sevinc

0