Son zamanlar azyaşlılar arasında ölüm halı artıb.
Bu günlərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) azyaşlı ölümü baş verib.
Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideyinlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım şöbəsinə gətirilib.
Müayinə zamanı azyaşlı M. Katmayevdə qızdırma, viruz infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib.
Azyaşlı təcili olaraq, xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.
Aparılan həkim müdaxilələrinə baxmayaraq M.Katmayevdə bioloji ölüm faktı qeydə alınıb.
Maraqlıdır, azyaşlılar arasında ölüm halının artmasına səbəb nədir?
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, bir çox valideynlər öz övladlarına həkim məsləhəti olmadan dərmanlar verir. Lakin həmin analar bilmir ki, bununla övladına necə böyük pislik edirlər:
“Gənc analar sosial şəbəkələrdə paylaşım edib, kimlərdənsə məsləhət alır. Öskürəyin səbəbi fərqli ola bilər. Öskürək pnevmoniya, vərəm, allergik fon və s. səbəbdən yarana bilər. Müalicə buna uyğun tətbiq olunmalıdır.Belə müalicələr azyaşlı uşaqların ölümünə səbəb ola bilir. Qızdırmanın, öskürəyin müxtəlif səbəbləri var. Bunu ancaq həkim araşdırmalıdır. Antibiotiklər qızdırma dərmanı deyil. Bunu birmənalı şəkildə hamı bilməlidir. Antibiotiklər təyin edilərkən həkim mütləq xəstənin allergiyasının olub-olmamasını araşdırmalıdır”.
Sevinc