Makqill Universitetinin alimləri müəyyən ediblər ki, yuxusuz gecənin yaddaşa mənfi təsirini qısa fiziki məşq və ya gündüz yuxusu ilə qismən azaltmaq mümkündür.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.
Eksperimentdə 54 sağlam insan iştirak edib. Könüllülər 30 saat ərzində yuxudan məhrum edildikdən sonra üç qrupa bölünüblər. Birinci qrupun iştirakçıları 20 dəqiqə ərzində velotrenajorda orta və ya yüksək intensivlikli fiziki məşqlər ediblər. İkinci qrupa 90 dəqiqə yatmağa icazə verilib, üçüncü qrup isə heç bir əlavə müdaxilə almayıb.
Üç gün sonra alimlər iştirakçıların yaddaş funksiyasını yoxlayıblar. Məlum olub ki, həm fiziki fəaliyyət, həm də gündüz yuxusu tapşırığın daha yaxşı yerinə yetirilməsinə kömək edib. Birinci və ikinci qrupların test nəticələri normal yuxusuzluq yaşayan iştirakçılarla müqayisədə təxminən 22 faiz yüksək olub.
Bununla belə, iki üsulun təsir mexanizmlərinin fərqli olduğu müəyyənləşdirilib. Beyin fəaliyyətinin təhlili göstərib ki, gündüz yuxusu beynin yeni məlumatları effektiv şəkildə yadda saxlamaq qabiliyyətini bərpa etməyə kömək edib. Fiziki məşq isə iştirakçılara yuxusuz gecədən sonra qorunub qalan koqnitiv resurslardan daha səmərəli istifadə etməyə imkan verib.
Alimlər belə nəticəyə gəliblər: “Beləliklə, uzun müddət yuxusuz qaldıqdan sonra belə beyin yaranmış pozuntuları qismən kompensasiya edə bilər. Qısa məşq koqnitiv funksiyaları qorumağa, əlavə yuxu isə yeni xatirələrin formalaşması üçün zəruri prosesləri bərpa etməyə kömək edə bilər.”
Tədqiqatçılar vurğulayırlar ki, fiziki məşq tam gecə yuxusunu əvəz edə bilməz. Bununla belə, kifayət qədər yatmağın mümkün olmadığı hallarda məşq yaddaş və digər koqnitiv funksiyalar üçün yuxusuzluğun nəticələrini müvəqqəti olaraq azaltmağın sadə üsulu ola bilər.
Samir


