Yalnız yaddaş deyil: Demensiyanın qidalanma ilə bağlı 5 erkən əlaməti

SAĞLAMLIQ
17:45 / 04.09.2026
50

Yaddaş problemləri demensiyanın yeganə əlaməti deyil. Qidalanma vərdişlərində və yemək zamanı davranışlarda baş verən müəyyən dəyişikliklər də xəstəliyin erkən əlamətlərindən ola bilər.

HİT.az "HuffPost"a istinadən xəbər verir ki, insanların yaşlı yaxınlarının səhhətində baş verən dəyişikliklərə diqqət yetirməsi vacibdir. Demensiyanın müalicəsi olmasa da, xəstəliyin inkişafını ləngidə bilən müalicə üsulları mövcuddur. Demensiya müxtəlif koqnitiv pozuntuları əhatə edən ümumi anlayışdır və onun ən geniş yayılmış forması Alzheimer xəstəliyidir.

Cons Hopkins Universitetinin Ağıl və Beyin İnstitutunun nevroloqu və dosenti, “Məğlubedilməz beyin” kitabının müəllifi doktor Məcid Fotuhi bildirib ki, ailələrin ona ən çox verdiyi suallardan biri yaşlı yaxınlarının qidalanma vərdişlərindəki dəyişikliklərlə bağlıdır.

Onun sözlərinə görə, belə dəyişikliklər avtomatik olaraq Alzheimer xəstəliyinin əlaməti hesab edilə bilməz. Lakin qidalanma davranışında davamlı və nəzərəçarpan dəyişikliklər tibbi qiymətləndirmə tələb edir.

1. Yeməklər sadələşir

NYU Langone Health-in nevrologiya üzrə klinik dosenti və Isaac Health şirkətinin baş tibb direktoru doktor Coel Salinasın sözlərinə görə, ailə üzvlərinin diqqət yetirə biləcəyi erkən dəyişikliklərdən biri uzun illər mürəkkəb yeməklər hazırlayan şəxsin daha sadə yeməklər bişirməyə başlaması və sonradan ümumiyyətlə yemək hazırlamağı dayandırmasıdır.

Salinas bildirib ki, mürəkkəb yeməklərin hazırlanması planlaşdırma və ardıcıl hərəkətlərin yerinə yetirilməsini tələb edir. Bu bacarıqlar isə demensiya zamanı zəifləyə bilər.

Nevroloq Adam Mednik də planlaşdırma, alış-veriş və yemək hazırlama ilə bağlı çətinliklərin demensiyanın erkən əlamətlərindən ola biləcəyini qeyd edib.

Bununla belə, insanın mürəkkəb yeməklər hazırlamağı dayandırması özlüyündə demensiya əlaməti deyil. Lakin bu dəyişiklik digər əlamətlərlə birlikdə müşahidə olunursa, ona diqqət yetirmək lazımdır.

2. Yeməyə marağın azalması

Nevroloqların fikrincə, yeməyə marağın itməsi demensiyanın geniş yayılmış əlamətlərindən biridir. Bunun bir neçə səbəbi ola bilər.

Fotuhinin sözlərinə görə, beyində baş verən dəyişikliklər qoxu hissinin zəifləməsinə səbəb ola bilər. Bu isə yeməkdən alınan zövqü azaldır. Çünki dad kimi qəbul etdiyimiz hisslərin əhəmiyyətli hissəsi qoxu ilə əlaqəlidir.

Salinas da qoxu hissinin zəifləməsinin yeməyin cəlbediciliyini azaltdığını bildirib. Onun sözlərinə görə, demensiyası olan şəxs yeməklərin dadsız və ya ləzzətsiz olduğunu deyə bilər.

Demensiyası olan insanlarda depressiya riski də daha yüksəkdir. Fotuhinin fikrincə, bu da yemək daxil olmaqla müxtəlif fəaliyyətlərə marağın azalmasına səbəb ola bilər.

Bundan başqa, yemək zamanı eyni vaxtda çəngəl-bıçaqdan istifadə etmək və söhbəti davam etdirmək kimi bir neçə fəaliyyətin yerinə yetirilməsi demensiyası olan insan üçün çətin ola bilər. Mednikin sözlərinə görə, səs-küylü, həddindən artıq stimullaşdırıcı və ya narahat mühit diqqəti toplamağı və yemək prosesində iştirak etməyi daha da çətinləşdirə bilər.

3. Yeməyi və ya yemək yediyini unutmaq

Demensiya yaddaşa təsir etdiyindən, insan yemək yeməyi və ya artıq yemək yediyini unuda bilər.

Mednik bildirib ki, demensiya insanın aclıq və toxluqla bağlı daxili siqnalları düzgün qəbul etməsini və onları günün vaxtı və ya yeməyin görünüşü kimi xarici göstəricilərlə əlaqələndirməsini çətinləşdirə bilər.

Beynin iştahanı tənzimləyən nahiyələrinin zədələnməsi yemək istəyini azalda bilər. Yaddaş pozuntusu isə insanın yemək yeməyi, az əvvəl yemək yediyini unutmasına və ya aclıq hissini artıq tanımamasına səbəb ola bilər.

Nəticədə insan həddindən artıq az və ya bəzi hallarda həddindən artıq çox yeyə bilər.

4. Qidalanmada sərt seçimlər

Həkimlərin fikrincə, demensiyası olan insanlar eyni yeməkləri və ya məhsulları təkrar-təkrar seçməyə meyilli ola bilərlər.

Salinas bunun səbəbini belə izah edib: düşünmək çətinləşdikdə hər bir qərar əlavə yük yaradır. Eyni yeməyi seçmək isə qərar vermək ehtiyacını azaldır. Tanış qida da digər amillərin qeyri-müəyyən göründüyü vəziyyətdə daha təhlükəsiz və rahat seçim kimi qəbul edilə bilər.

Fotuhinin sözlərinə görə, bu sərtlik həyatın digər sahələrində də özünü göstərə bilər. Məsələn, insan eyni gündəlik rejimdə qalmaqda və ya həmişə eyni geyimləri geyinməkdə israr edə bilər.

5. Şirniyyata meylin artması

Mednik qidalanma vərdişlərində ən davamlı müşahidə olunan dəyişikliklərdən birinin şirin qidalara meylin artması olduğunu bildirib. Onun fikrincə, bu, beyində mükafatlandırma və impulsların idarə olunması ilə əlaqəli mexanizmlərin zədələnməsi ilə bağlı ola bilər.

Fotuhinin sözlərinə görə, sonradan yaranan şirniyyat istəyi daha çox frontotemporal demensiyası olan insanlarda müşahidə edilir. Bu, beynin alın və gicgah paylarını zədələyən xəstəliklər qrupudur.

“Alın payı normal halda impulsları və qida seçimlərini tənzimləməyə kömək edir. Bu nahiyə zədələndikdə həmin nəzarət zəifləyir və şirin, nişastalı qidalara güclü meyl yarana bilər”, - Fotuhi bildirib.

Həkimə müraciət etmək vacibdir

Qidalanma vərdişlərindəki dəyişikliklərlə mübarizə aparmaq çətin ola bilər. Mütəxəssislər belə hallarda ailə həkiminə və ya yaşlı insanların qidalanması üzrə ixtisaslaşmış dietoloqa müraciət etməyi tövsiyə edirlər.

Geriatrik qidalanma üzrə ixtisaslaşmış dietoloq Alison Neovun sözlərinə görə, mütəxəssislər yemək prosesini daha rahat və qidalanmanı daha balanslı etmək üçün uyğun strategiyalar təklif edə bilərlər.

Qidalanma vərdişlərindəki dəyişikliklər insanın mütləq demensiyadan əziyyət çəkdiyi anlamına gəlmir. Bununla belə, nəzərəçarpan və davamlı dəyişikliklər tibbi qiymətləndirmə tələb edir. Tələsik nəticə çıxarmaq əvəzinə ilk addım həkimə müraciət etmək olmalıdır.

Samir
 

0