Payız aylarında düzgün qidalanma immun sisteminin normal fəaliyyətini qorumaq baxımından xüsusi əhəmiyyət daşıyır. Həkimlər bildirirlər ki, heç bir qida məhsulu immuniteti qısa müddətdə gücləndirərək insanı soyuqdəymədən tam qoruya bilməz. Bunun üçün orqanizmin mütəmadi olaraq zülal, vitamin, mineral və enerji ilə təmin edilməsi vacibdir.
HİT.az xəbər verir ki, bu barədə “SM-Klinika”nın terapevti və onkoloqu Sabuhi Səmədov “Gazeta.ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, payızda kələm, şirin bibər, brokoli, qara qarağat, çaytikanı və digər giləmeyvələrin istehlakına üstünlük verilməlidir. Bu məhsullar immun hüceyrələrinin normal fəaliyyəti üçün vacib olan C vitamini ilə zəngindir. Bununla belə, şəkər miqdarı yüksək olan mürəbbə və şirin meyvə içkiləri təzə və ya dondurulmuş giləmeyvələri tam əvəz etmir.
Balqabaq, kök və tünd yaşıl tərəvəzlər isə orqanizmdə A vitamininin yaranmasında iştirak edən karotinoidlərin mənbəyidir. Bu vitamin dəri və selikli qişaların sağlamlığının qorunmasına, beləliklə, infeksiyalara qarşı ilkin müdafiə baryerinin saxlanmasına kömək edir. Mütəxəssis bu tərəvəzləri az miqdarda bitki yağı ilə qəbul etməyi məsləhət görür.
Alma, armud, kələm və kök tərəvəzlərdə olan liflər də bağırsaq mikroflorasının sağlamlığı üçün əhəmiyyətlidir. Həkim qeyd edib ki, fermentləşdirilmiş məhsullar qidalanmaya daxil edilə bilər. Lakin yüksək təzyiqdən əziyyət çəkən və ödemə meyilli şəxslər duzlu qidaların miqdarına diqqət etməlidirlər.
Səmədov immun sisteminin fəaliyyəti üçün zülalın da vacib olduğunu vurğulayıb. Balıq, yumurta, quş əti, süd məhsulları, ət və paxlalılar orqanizmin anticisimlər və immun hüceyrələri yaratması üçün lazımi zülalı təmin edir.
Bundan başqa, siyənək, skumbriya, sardina və qızılbalıq kimi yağlı dəniz balıqları omeqa-3 yağ turşuları və D vitamini ilə zəngindir. Həkim bildirib ki, D vitaminini yalnız qida vasitəsilə kifayət qədər almaq həmişə mümkün olmur. Bununla belə, tibbi göstəriş olmadan yüksək dozada D vitamini qəbul etmək düzgün deyil.
Mütəxəssis gündəlik qidalanmada qoz-fındıq və toxumlara da yer ayırmağı tövsiyə edib. Bu məhsullar E vitamini, sink və doymamış yağlarla zəngindir. Gündə 20-30 qram duzsuz və şəkərsiz çərəz istehlakı kifayət edə bilər.
Həkim əlavə edib ki, immuniteti qorumağın əsas yolu ayrı-ayrı məhsullara deyil, balanslaşdırılmış və müxtəlif qidalanmaya üstünlük verməkdir.
Samir


