Beyin silkələnməsi ilə bağlı ən yayğın mif təkzib edildi – Yatmaq komaya səbəb olmur

SAĞLAMLIQ
21:16 / 04.11.2026
35

Beyin silkələnməsi keçirən şəxsin yatmasına icazə verilməməsi ilə bağlı geniş yayılmış fikir tibbi baxımdan doğru deyil. Həkimlər bildirirlər ki, yuxu beyin silkələnməsini ağırlaşdırmır və komaya səbəb olmur. Lakin zərərçəkənin vəziyyətinin əvvəlcədən qiymətləndirilməsi və ilk sutka ərzində nəzarətdə saxlanılması vacibdir.

HİT.az xəbər verir ki, bu barədə “SM-Klinika”nın nevroloqu Olqa Çernikova “Gazeta.ru”ya açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, insanın yatmasına icazə verilməməsi ilə bağlı tövsiyə yuxululuq və huşun itirilməsinin adi yuxu ilə səhv salına bilməsi səbəbindən yaranıb. Kəllədaxili qanaxma zamanı zərərçəkənin vəziyyəti tədricən pisləşə bilər. Buna görə də ilk növbədə onun ümumi vəziyyəti qiymətləndirilməlidir.

Əgər şəxs huşunu itirməyibsə, suallara düzgün cavab verir, harada olduğunu anlayır, normal danışır və ətraflarını hərəkət etdirə bilirsə, onu zorla oyaq saxlamağa ehtiyac yoxdur. Yüngül travmadan sonra baş ağrısı, yorğunluq və yatmaq istəyi müşahidə oluna bilər.

Bununla belə, ilk 24 saat ərzində zərərçəkən tək qalmamalıdır. Yanında vəziyyətindəki mümkün pisləşməni vaxtında görəcək yetkin şəxs olmalıdır. Onu hər iki saatdan bir oyatmaq isə yalnız həkim məsləhəti əsasında həyata keçirilməlidir.

Nevroloq bildirib ki, insanı oyatmaq mümkün deyilsə, huşunu itirirsə, nitqi pozulursa və ya davranışında qeyri-adilik yaranırsa, təcili tibbi yardım çağırılmalıdır. Güclənən baş ağrısı, təkrar qusma, qıcolma, koordinasiya pozuntusu, ətraflarda zəiflik və keyimə, göz bəbəklərinin fərqli ölçüdə olması da təhlükəli əlamətlər sırasındadır.

Çernikova huşunu itirmə, yaddaş pozuntusu, hündürlükdən yıxılma və ya yol-nəqliyyat hadisəsi nəticəsində baş verən travmalardan sonra mütləq həkim müayinəsindən keçməyi tövsiyə edib. Qan laxtalanmasını azaldan dərmanlar qəbul edən və ya hadisə zamanı sərxoş vəziyyətdə olan şəxslər də xüsusi diqqətdə saxlanılmalıdır.

Həkim əlavə edib ki, beyin silkələnməsindən sonra alkoqoldan, həkim təyinatı olmadan yuxu dərmanlarından, avtomobil idarə etməkdən, ağır fiziki işdən və yenidən baş zədəsi almaq riski olan idman növlərindən uzaq durmaq lazımdır. Fiziki fəaliyyətə isə tədricən qayıtmaq məsləhət görülür.

Samir
 

0