İstilik mövsümünün başlaması ilə evlərdə yalnız temperatur deyil, havanın keyfiyyəti də dəyişir. Mənzillərdə radiatorların işləməsi havanın rütubətini azalda, otaqların kifayət qədər havalandırılmaması isə karbon qazının, tozun və digər çirkləndiricilərin toplanmasına səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə rusiyalı pediatr, tibb elmləri namizədi Zülfiya Zokirova “Gazeta.ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, yaşayış otaqları üçün optimal temperatur 20-22 dərəcə hesab olunur. Bununla belə, uşağın yaşı, fiziki aktivliyi və fərdi xüsusiyyətləri də nəzərə alınmalıdır. Otağın həddindən artıq qızdırılması məsləhət görülmür. Çünki isti hava quruluq hissini artırır və uşağın rahat yuxusuna mane ola bilər.
Zokirova soyuq havalarda da mənzilin mütəmadi havalandırılmasının vacibliyini vurğulayıb. Onun tövsiyəsinə əsasən, pəncərəni uzun müddət yarıaçıq saxlamaq əvəzinə, qısa müddətə tam açaraq otağın havasını dəyişmək daha məqsədəuyğundur. Bu zaman uşağın başqa otağa keçirilməsi tövsiyə olunur ki, soyuq hava axınına məruz qalmasın.
Pediatr otaqda nisbi rütubətin 40-60 faiz arasında saxlanılmasını optimal göstərici hesab edir. Rütubəti ölçmək üçün məişət hiqrometrindən istifadə etmək olar. Hava həqiqətən qurudursa, nəmləndirici cihazlardan yararlanmaq mümkündür. Lakin bu cihazlar mütəmadi təmizlənməli və həddindən artıq rütubətə yol verilməməlidir. Əks halda, kif yarana və mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait formalaşa bilər.
Həkim həmçinin evdə tozun müntəzəm təmizlənməsini, yataq dəstləri və digər tekstil məhsullarının təmiz saxlanılmasını tövsiyə edib. Havanı təravətləndirmək məqsədilə kəskin qoxulu spreylərdən və aromatizatorlardan istifadə isə məsləhət görülmür. Belə vasitələr tənəffüs yollarını qıcıqlandıra bilər.
Pediatrın fikrincə, uşaq otağında əsas məqsəd maksimum istilik yaratmaq deyil. Təmiz hava, normal temperatur və uyğun rütubətin qorunması uşağın rahat nəfəs alması, keyfiyyətli yatması və gün ərzində sərf etdiyi enerjini bərpa etməsi üçün mühüm şərtlərdir.
Samir


