İnsan beynini meymunlardan fərqləndirən əsas xüsusiyyət üzə çıxdı

SAĞLAMLIQ
14:00 / 15.11.2026
33

Alimlər insan beyninin şimpanze və qorillaların beynindən nə ilə fərqləndiyini araşdırıblar. Məlum olub ki, bu fərq genlərin sayından daha çox onların fəaliyyətini tənzimləyən DNT mexanizmləri ilə bağlıdır.

HİT.az xəbər verir ki, Drezden Texniki Universitetinin alimləri apardıqları araşdırmada insan hüceyrələrində insanabənzər meymunlarla müqayisədə daha fəal olan 599 tənzimləyici DNT sahəsi müəyyən ediblər. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Araşdırma çərçivəsində alimlər insan, şimpanze və qorillaların kök hüceyrələrindən laboratoriya şəraitində beyin orqanoidləri yetişdiriblər. Bunlar beynin ilkin inkişaf mərhələlərini təqlid edən kiçik hüceyrə strukturlarıdır. Daha sonra tədqiqatçılar neyronların yaranmasında və beynin böyüməsində mühüm rol oynayan bazal radial qliya hüceyrələrini öyrəniblər.

Müəyyən edilib ki, insan hüceyrələrində 599 tənzimləyici DNT sahəsi digər primatlarla müqayisədə daha aktivdir. Bu sahələr genlərin fəaliyyətini idarə edən bir növ bioloji açar rolunu oynayır. Onların arasında FAM107A və CNGA3 genlərinin aktivliyinə təsir edən mexanizmlər də aşkarlanıb.

Alimlər həmin genləri insan beyin orqanoidlərində deaktiv etdikdə hüceyrələrin mürəkkəb, şaxələnmiş quruluş formalaşdırma ehtimalının azaldığını görüblər. FAM107A geninin söndürülməsi isə neyronların sayının da azalmasına səbəb olub. Bu nəticə həmin genin sinir toxumasının inkişafında rol oynaya biləcəyini göstərir. CNGA3 geninin bu prosesdəki funksiyası isə hələ tam aydın deyil.

Tədqiqat müəlliflərinin fikrincə, insan beyninin digər primatların beynindən fərqlənməsində əsas amillərdən biri yeni genlərin yaranması deyil, mövcud genlərin fəaliyyətinin dəyişməsidir. Başqa sözlə, genlərin hansı xüsusiyyətlərə malik olması ilə yanaşı, onların nə dərəcədə aktiv işləməsi də mühüm əhəmiyyət daşıyır.

Bununla belə, alimlər aşkar edilən mexanizmlərin insan beyninin daha böyük olmasını və intellektin inkişafını tam izah etmədiyini vurğulayırlar. Bu xüsusiyyətlərin formalaşmasında çoxsaylı genlərin və tənzimləyici elementlərin qarşılıqlı fəaliyyəti rol oynaya bilər.

Samir
 

0