Bunlar dövlətin nəzərindən qaçmır - Niyaməddin Musayev

MƏDƏNİYYƏT
17:04 / 28.05.2020
1360

Efirlərdə az-az görünən, mediadan kənar gəzən Xalq artisti Niyaməddin Musayev son vaxtlar şəxsi həyatında, şou-biznesdə baş verənlərdən danışıb:

HİT.Az Xalq artisti ilə müsahibəni təqdim edir:

- Niyaməddin müəllim, karantin günlərini necə keçirdiniz? Dörd divar arasında yazıb-yaratmağa həvəsiniz oldumu?

- Karantin müddətində elə evdə oldum, nadir hallarda çıxırdım. Evdə otururdum, idman edirdim. Vaxt da yaxşı, tez keçirdi. Heç bilmirdim gün nə vaxt gəldi, keçdi. Bu da qanun idi, belə də olmalı idi. Vacib işlər istisna olmaqla, çölə çıxmasaq məsləhətdir.

- Pandemiya dövründə sənət adamları etdikləri xeyirxahlıqlarla gündəmə gəldilər. Yoxsul ailələrə yardım edən sənətçilərin karvanına siz də qoşuldunuzmu?

- Yox, mən nə xeyriyyə etmişəm, nə də paylaşmışam.

- Mədəniyyət Nazirliyindəki həbslərdən sonra mədəniyyət adamlarının aldığı adlar yenidən müzakirə obyektinə çevrildi. Belə bir iddia var ki, layiq olmayan adamlar bu sektorda zirvəyə yüksəlib, fəxri adlara sahibləniblər. Sizcə, təmsil olunduğunuz sferada təsadüfi adamlar çoxdur?

- Bilirsiniz, bu saat hər şey yenidən təftiş olunur, baxılır. Yeni kadrlar vəzifəyə gətirilir. Prezident harda rüşvətxorluq, korrupsiya, insanlara əziyyət verən vəzifəliləri görürsə, mütləq cəzalandırır. Mədəniyyət Nazirliyində də rüşvətxorluq halları aşkarlandı, ona görə oradakı bəzi işçilər də cəzalarına çatdı.

- Sizcə, mədəniyyət sektorunda islahatlara nədən, necə başlamaq lazımdır? Nələri dəyişmək vacibdir?

- Fikrimcə, islahatlara kadr dəyişikliyi ilə başlamaq lazımdır. İndi yeni kimsə gəlsə, o da nələri dəyişmək lazım olduğuna baxacaq. Məsələn, elə müğənnilər var ki, onlar illərlə əziyyət çəkiblər, əlbəttə ki, onların zəhməti qiymətləndirilməlidir. Bu pandemiya dövründə, qarışıqlıqda Prezidentimizin məni aprel ayının 30-u 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etməsi çox böyük sevinc oldu. Əlbəttə ki, buna layiq olan neçə-neçə insanlar da var. Prezidentin gözündən heç nə qaçmır. Amma ona da bu adamları təqdim etmək lazımdır, demək lazımdır. Çünki onun o qədər işi var ki, bir-bir belə şəxsləri axtara bilmir. Buna görə də düzgün, ədalətli iş aparılsa, hər şey daha yaxşı olar.

- Bu gün cəmiyyəti ən çox qıcıqlandıran məsələlərdən biri zövqsüz müğənnilərin efirlərdə meydan sulamasıdır. Bayağı mahnılar oxuyan müğənnilərin əl-qolunu kim bağlamalıdır?

- Belə ifaçılar var, düzdür. O bayağı oxuyanlar da, bayağı insanlar da tədricən sıradan çıxıb gedəcəklər.  İfaçının nə oxuması onun mədəniyyətindən asılıdır. Xalqın bir qismi onu qəbul edə bilər, amma o özü sənət baxımından məsuliyyət hiss etməlidir. Onlar hamısı çör-çöpdürlər. Bu gün sənətlərində möhkəm olanlar, qalacaqlar, əks halda, unudulacaqlar. Biz illərlə zəhmət çəkmişik və dövlət də bu zəhmətin bəhrəsini verir. Gör biz neçə illərdir səhnədəyik. Sonda həm “Şöhrət” ordeni ilə, həm də “Əmək” ordeni ilə təltif olundum, Xalq artisti fəxri adını aldım. Yəni dediyim odur ki, bunlar dövlətin nəzərindən qaçmır. Amma gərək o fəxri adları təqdim edənlər, siyahını tərtib edənlər də vicdanlı olsunlar. Tədricən dediyim o çör-çöplər təmizlənib gedəcəklər, hər şey yaxşı olacaq. Biz müstəqil ölkədə yaşayırıq, oxumaq hər kəsin hüququdur, kiməsə “oxuma” deyə bilmərik. Oxusunlar, ancaq musiqimizi korlamasınlar, bayağı ifalar etməsinlər.

0
Yenisabah