Həm kitabxana, həm də klub müəssisələrinin sayına görə ölkədə lider Qarabağ iqtisadi rayonudur. Belə ki, Qarabağ iqtisadi rayonunda 426 kitabxana və 411 klub müəssisəsi fəaliyyət göstərir.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ilin sonuna ölkədə 2907 kitabxana, 2193 klub müəssisəsi və 244 muzey fəaliyyət göstərib.
Muzeylərin sayına görə isə ilk yerdə Bakı şəhəri qərarlaşıb. Paytaxtda 39 muzey fəaliyyət göstərir. Onu Naxçıvan iqtisadi rayonu (29 muzey), Qarabağ iqtisadi rayonu (26) və Şəki-Zaqatala iqtisadi rayonu (22) izləyir.
İnzibati ərazi vahidləri arasında ən çox kitabxana Xankəndi şəhərində yerləşir. Burada 163 kitabxana fəaliyyət göstərir. Sonrakı yerlərdə Quba (85), Kəlbəcər (80), Laçın (75), Şəmkir (74) və Ağdaş (70) rayonları qərarlaşıb.
Klub müəssisələrinin sayına görə də Xankəndi liderdir. Şəhərdə 153 klub fəaliyyət göstərir. Bərdə rayonunda 100, Quba rayonunda 68, Şərur və Goranboy rayonlarında isə hər birində 59 klub müəssisəsi mövcuddur.
Muzeylərin sayına görə isə ilk sırada Səbail rayonu dayanır. Rayon ərazisində 18 muzey fəaliyyət göstərir. Naxçıvan şəhərində 13, Yasamal rayonunda 9, Şəki rayonunda isə 8 muzey muzey sayına görə ilk sıralarda gəlir.
Statistikaya əsasən, muzeylərə gələn ziyarətçilərin sayında da Bakı böyük üstünlük nümayiş etdirir. Paytaxt muzeylərini il ərzində 1 milyon 385 min nəfər ziyarət edib. Təkcə Səbail rayonundakı muzeylər 1 milyon 43 min nəfər qəbul edib. Naxçıvan iqtisadi rayonunda muzeylərə 364 min, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 136 min nəfərdən çox ziyarətçi gəlib.
Kitabxana fondunun həcminə görə də Bakı ön plandadır. Xüsusilə Səbail rayonunda cəmi 9 kitabxana olsa da, onların fondu 5 milyon 79 min nüsxədən çoxdur ki, bu da ölkə üzrə ən yüksək göstəricilərdən biridir.
Statistikada bəzi rayonlarda mədəniyyət müəssisələrinin ümumiyyətlə fəaliyyət göstərmədiyi də görünür. Belə ki, Pirallahı rayonunda kitabxana yoxdur. Klub müəssisələri üzrə Nərimanov rayonunda belə müəssisə qeydə alınmayıb. Muzeylər üzrə isə Binəqədi, Pirallahı və Sabunçu rayonlarında muzey fəaliyyət göstərmir.
Statistikaya görə, kitabxanaların sayına görə lider Xankəndi şəhəri olsa da, bəzi ərazilərdə bu göstərici xeyli aşağıdır. Belə ki, Qubadlı rayonunda cəmi 1 kitabxana, Zəngilan rayonunda isə 2 kitabxana fəaliyyət göstərir. Pirallahı rayonunda isə ümumiyyətlə kütləvi kitabxana yoxdur.
Klub müəssisələrinin sayına baxsaq, Nəsimi və Nizami rayonlarında cəmi 1, Naftalan şəhəri, Qubadlı rayonu və Zəngilan rayonunda isə 2-3 klub müəssisəsi fəaliyyət göstərir. Nərimanov rayonunda isə klub müəssisəsi qeydə alınmayıb.
Muzeylərin bölgüsü də fərqlidir. Qobustan, Samux, Siyəzən, Xocalı, Tərtər, Gədəbəy, Saatlı, Cəbrayıl, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının hər birində cəmi 1 muzey yerləşir. Binəqədi, Pirallahı və Sabunçu rayonlarında isə ümumiyyətlə muzey yoxdur.


