Məşhur aktyor sağalmaz xəstəliyindən danışdı

MƏDƏNİYYƏT
22:14 / 02.07.2026
57

Amerikalı aktyor, "Ölümcül silah" ("Lethal Weapon") filmlər silsiləsindəki rolu ilə tanınan Denni Qlover ilk dəfə ictimaiyyətə bir neçə ildir Altseymer xəstəliyi ilə yaşadığını açıqlayıb. Bu barədə o, keçmiş "NBC Nightly News" aparıcısı Lester Holta "Today" verilişinə verdiyi eksklüziv müsahibədə danışıb. 

HİT.az bu barədə "Deadline" nəşrinə istinadən xəbər verir.

79 yaşlı aktyor bildirib ki, diaqnozunu 2022-ci ilin yanvarında, "Oskar" mükafatlarının təqdimatından əvvəl keçirilən "Governors Awards" mərasimi ərəfəsində öyrənib. Həmin mərasimdə ona "Jean Hersholt Humanitarian Award" humanitar mükafatı təqdim olunub.

Qloverin sözlərinə görə, həmin vaxtdan bəri yaddaşında, nitqində və hərəkətlərində müəyyən dəyişikliklər hiss etsə də, aktiv həyat tərzini davam etdirir və San-Fransiskodakı yerli icmanın tədbirlərində iştirak edir.

Aktyor xəstəliyin həyatını tamamilə müəyyənləşdirməsinə imkan verməyəcəyini vurğulayıb. "Mən bununla yaşaya bilirəm, müəyyən mənada. Əminəm ki, xəstəlik irəlilədikcə hər şey dəyişəcək və fərqli olacaq", deyə Qlover bildirib.

Altseymer xəstəliyi yaddaşa, nitqə və idrak funksiyalarına təsir göstərən, zamanla irəliləyən neyrodegenerativ xəstəlikdir. Aktyor qeyd edib ki, "Alzheimer's Association" ona fiziki aktivliyi qorumaq, arterial təzyiq və diabetə nəzarət etmək, keyfiyyətli yuxu almaq və sosial əlaqələri saxlamaq kimi tövsiyələr verib.

Müsahibə zamanı Qloverin ailə üzvləri də onun yanında olublar. Aktyorun qızı Mandisa Qlover atasının məhz indi xəstəliyi barədə açıq danışmasının səbəbini izah edib. "Düşünürəm ki, onun üçün öz həyat hekayəsinə nəzarət etmək çox vacibdir", deyə o bildirib.

Mandisanın sözlərinə görə, aktyor haqqında başqalarının fərziyyələr irəli sürməsinə imkan verməkdənsə, bu hekayəni onun özünün danışması üçün ən uyğun vaxtın yetişdiyini düşünüblər.

Denni Qloverin filmoqrafiyasına onlarla məşhur ekran əsəri daxildir. Onun ən məşhur işi 1987–1998-ci illərdə çəkilmiş dörd filmdən ibarət "Ölümcül silah" silsiləsi hesab olunur. Bu filmlərdə o, təcrübəli polis detektivi Rocer Mörtou obrazını canlandırıb. Onun tərəf müqabili isə Mel Gibsonun canlandırdığı gənc və emosional detektiv Martin Riqs olub.

Qloverin digər tanınmış filmləri arasında "Bənövşəyi rəng" ("The Color Purple", 1985), "Yırtıcı 2" ("Predator 2", 1990), "2012" (2009) və digər ekran əsərləri yer alır.

Samir

0