Sibel Can Abbas Bağırovdan nə xahiş edib?

MƏDƏNİYYƏT
22:14 / 13.08.2026
45

"Yayılan görüntülər 2022-ci ildə Bakının məşhur restoranlarından birində keçirilən toy məclisində lentə alınıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Abbas Bağırov Türkiyənin məşhur müğənnisi Sibel Canla dueti barədə danışarkən deyib.

Abbas Bağırov həmin gecəni xatırlayaraq Sibel Canla yenidən bir araya gəldiklərini bildirib:

"Bu gözəl ənənəni davam etdirərək canlı duet ifa etdik. Unudulmaz bəstəkarımız Ələkbər Tağıyevin ölməz əsəri olan “Sən gəlməz oldun” mahnısını Sibel xanımla birlikdə səsləndirmək həmin məclisə fərqli bir ab-hava və emosiya qatdı. Onun özünəməxsus avazı, Azərbaycan musiqisinə olan dərin sevgisi və səhnədəki səmimiyyəti bu dueti hər birimiz üçün unudulmaz sənət xatirəsinə çevirdi. İki qardaş ölkənin musiqi mədəniyyətini müxtəlif ölkələrin səhnələrində canlı və təbii şəkildə qovuşdurmaq mənim üçün hər zaman çox xoş və qürurvericidir".

Abbas Bağırov Sibel Canla dəfələrlə eyni səhnəni bölüşdüklərini qeyd edib:

"Biz nəinki Azərbaycanda, bundan əvvəl bir neçə dəfə Türkiyə və Rusiyada da eyni səhnəni bölüşmüşük. Hətta Sibel xanımla hər görüşəndə məndən “Sən gəlməz oldun” mahnısını mütləq birlikdə ifa etməyimizi xahiş edir".

0