Azərbaycan-Türkiyə-Pakistan: Üçtərəfli hərbi ittifaqın yaranma perspektivi...

SİYASƏT
17:50 / 14.09.2021
1803

"Türkiyə və Pakistanla hərbi sahədə əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin daha da təkmilləşməsi, güclənməsinə xidmət edəcək. Azərbaycanın həmin gücdən özünün müdafiə qüdrətini artırmaq üçün istifadə etməyə kifayət qədər imkanı var”. 

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan-Türkiyə- Pakistanın daxil olduğu üçtərəfli hərbi ittifaqın yaranma perspektivini dəyərləndirərkən deyib.  Onun fikrincə, bu üçtərəfli hərbi əməkdaşlıq artan xətt üzrə gedəcək: 

"Bunun bariz nümunəsi Azərbaycanda keçirilən "Üç qardaş 2021” təlimləridir. Bu təlimlərin davamı da olacaq. Növbəti belə təlimlər Pakistanda, ardınca da Türkiyədə olacaq. Bir müddət əvvəl Türkiyənin Müdafiə naziri Pakistanda rəsmi səfərdə oldu. Bu səfər çərçivəsində bir sıra məsələlər razılaşdırılıb ki, onlardan biri də üçtərəfli - Azərbaycan, Pakistan və Türkiyə təlimləridir. Bu da onu göstərir ki, həmin artan xətlə getməklə əməkdaşlıq davamlı olacaq. Sevindirici haldır ki, tək Türkiyə deyil, həmçinin Pakistan da Azərbyacanın yanında yer alır”. 

Ü. Cəfərov bildirir ki, yaxın zamanlarda Bakı ilə İslamabad arasında hərbi sahədə bir sıra yeniliklərin şahidi olacağıq: 

"Azərbaycan Silahlı Qüvvələrin arsenalında Pakistan istehsalı olan yüngül silahlarla yanaşı, ağır silahlar da yer alacaq. Onların içərisində hətta hərbi hava qüvvələri və hava hücumundan müdafiə qoşunlarının arsenalında olan döyüş və təlim təyyarələri də olacaq. Tərəflər artıq bu istiqamətdə razılığa gəlib. Proses göstərir ki, Ankara, Bakı və İslamabad arasında güclü bir ittifaq yaranacaq. Bu ittifaqı istəməyən, gözdən salmaq istəyən qüvvələrin olması onu deməyə əsas verir ki, belə bir ittifaqın yaranması çoxlarını narahat edib. Bu da həmin ittifaqın gücündən xəbər verir. Azərbaycan Müdafiə naziri Hərbi Hava qüvvələrinin komandanı ilə birlikdə Ankaraya səfərə gedib. Baş Qərargah rəisimiz də ordadır. Rəhbərlik həm oradakı təlimlərdə iştirak edəcək, həm də bir sıra yeni planların qurulması gündəmdədir”. 

Ekspert qeyd edir ki, belə bir əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin daha da təkmilləşməsi, güclənməsinə xidmət edəcək: 

"Ona görə də bu əməkdaşlığın perspektivi böyükdür. Azərbaycanın həmin gücdən özünün müdafiə qüdrətini artırmaq üçün istifadə etməyə kifayət qədər imkanı var”.

0