Filmlərdə və seriallarda tez-tez göstərilən vikinqlərin mərhumun olduğu qayığı dənizə buraxaraq onu sahildən atılan odlu oxla yandırması səhnəsinin tarixi əsası olmadığı ortaya çıxıb.
HİT.az xəbər verir ki, alimlərin fikrincə, vikinqlərin dəfn zamanı gəmiləri yandırdığına dair bəzi tarixi sübutlar olsa da, gəminin odlu oxla alışdırılması barədə arxeoloji dəlil yoxdur.
Məşhur təsvirə əsasən, ölən vikinq qayığa yerləşdirilir, qayıq dənizə buraxılır və sahildəki oxatanın atdığı odlu ox gəmini alova bürüyür. Lakin mütəxəssislər belə bir mərasimin həqiqətən mövcud olduğunu təsdiqləyən faktların olmadığını bildirirlər.
Antropologiya professoru Erin MakQuayr qeyd edib ki, belə dəfn mərasimləri arxeoloji baxımdan çox az iz buraxır. Hətta gəmidə yanğının odlu ox nəticəsində baş verdiyini adi yanğından ayırmaq da olduqca çətin olardı.
Bununla belə, vikinqlərin ölülərini yandırması və bəzi hallarda gəmilərdən dəfn mərasimlərində istifadə etməsi barədə məlumatlar mövcuddur.
Vikinqlərin “odlu dəfni” ilə bağlı ən real tarixi təsvirlərdən biri X əsrdə yaşamış ərəb səyyahı Əhməd ibn Fədlanın qeydlərində yer alır.
Onun yazdığına görə, vikinq başçısının cəsədi qayığa yerləşdirildikdən sonra gəmi yandırılıb. Lakin burada odlu oxdan söhbət getmir. Gəmini dəfn mərasiminə rəhbərlik edən şəxs odlandırırdı. Bundan başqa, gəmi dənizdə deyil, quruda olub.
Dənizdə dəfn haqqında bəzi əfsanə və miflər də mövcuddur. Məsələn, “Beovulf” dastanında Danimarka hökmdarı Skild Skefinqin cəsədinin gəmiyə qoyularaq açıq dənizə göndərildiyi təsvir edilir. Başqa bir əfsanədə isə tanrı Baldrın cəsədinin qayığa yerləşdirilərək dənizə buraxıldığı və gəminin yandırıldığı bildirilir.
Mütəxəssislər bildirirlər ki, qayığın dənizdə yandırılması kremasiya üçün də ciddi problemlər yaradır. Viking Muzeyinin arxeologiya şöbəsinin rəhbəri Matthias Toplakın sözlərinə görə, cəsədin tam yandırılması üçün yüksək temperaturda alovun bir neçə saat davam etməsi lazımdır.
Dənizdə hərəkət edən gəminin isə cəsəd tam yandırılmadan batması ehtimalı yüksəkdir. Bundan başqa, alov içində olan qayığın külək və axınların təsiri ilə digər gəmilərə və ya liman qurğularına doğru sürüklənməsi təhlükəsi də yaranır.
Bu səbəbdən alimlər vikinqlərin gəmiləri odlu oxla dənizdə yandırması barədə məşhur səhnənin daha çox sonrakı dövrlərdə formalaşmış mif və ədəbi təsəvvür olduğunu düşünürlər.
Samir


