SİYASƏT
12:22 / 05.10.2021
532

Gürcüstan da qapılarını İrana bağladı: İqtisadi və siyasi tərəflər - Ekspert rəyi

"Mənə elə gəlir ki, bu addım gələcəkdə regionda Azərbaycanla Gürcüstanın birgə fəaliyyətinin daha da genişləndirilməsinə şərait yaradan yanaşma olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli tranzit vasitəsi ilə Rusiyaya getmək istəyən yüzlərlə İran yük maşınları və TIR-ın Gürcüstan sərhədində saxlanılmasının iqtisadi və siyasi tərəflərini şərh edərlkən deyib. O bildirib ki, son günlər Azərbaycanla Gürcüstan arasında kifayət qədər intensiv danışıqlar gedir:
 
"Gürcüstanın Baş naziri bu yaxınlarda Bakıda səfərdə oldu, Prezident, Azərbaycanın Baş naziri ilə görüşdü və bir çox müqavilələr imzalandı. Yəqin ki, bu görüş və müqavilələrin tərkib hissəsində bölgənin gələcək logistik mərkəzi kimi Azərbaycanla Gürcüstanın birgə fəaliyyəti və tranzit yollarının hər iki ölkənin xeyrinə inkişafı da müzakirə olunub. Güman ki, Azərbaycanla İran arasında baş verən, İran tərəfindən qaynaqlanan müəyyən xoşagəlməz hadislər, İran yüklərinin Azərbaycanın Qarabağ bölgəsinə, o cümlədən Xankəndiyə Azərbaycanın icazəsi olmadan yüklərin daşınması və s. bütün bunlar Gürcüstanla da müzakirə olunur. Gürcüstanla müzakirələr zamanı müəyyən ortaq maraqların qorunması ilə bağlı addımların atılması da yəqin ki, razılaşdırılıb. Bu, çox yaxşı haldır ki, Gürcüstanla Azərbaycan bir çox məsələlərdə birgə mövqedən çıxış edə bilirlər. Gələcəkdə Zəngəzur koridorunun açılmasında hər iki ölkənin xeyir götürə biləcəyi də yəqin ki, müzakirə olunub. Çünki həmin koridorun açılmasıyla Rusiya ilə İran arasında münasibətlərin və tranzit yük daşımalarının Ermənistan üzərindən deyil, Azərbaycan üzərindən həyata keçirilməsi mümkündür”.
 
 
Natiq Cəfərli hesab edir ki, bu, Azərbaycana, bölgə ölkələrində müəyyən dividentlər də gətirəcək:
 
"Son zamanlar İran gələcək yükdaşımalarla da bağlı qısqanc mövqe bildirir və Ermənistan üzərindən keçməklə Gürcüstana daxil olaraq Rusiya ərazisinə yükdaşımaların həyata keçirilməsinin ona daha sərfəli ola biləcəyinin mesajlarını da verirdi. Gürcüstan tərəfi Azərbaycanla birgə belə bir addımın atılmasında iştirak edirsə, deməli, ümumi bir razılıq var ki, İran nə Azərbaycanın, nə də Gürcüstanın maraqlarına toxunan addımlar atmasın. Çünki İranla Rusiya logistik münasibətlərin Gürcüstan üzərindən aparılması Tiflis üçün də əlavə problemlər yaradır. Çünki Gürcüstanla Rusiyanın münasibətləri kifayət qədər soyuqdur və Gürcüstan öz ərazisindən tranzit kimi istifadə etməsi qarşılığında onun da maraqlarına uyğun addımlar atılmalıdır. Görünür ki, bu addımlar yoxdur. İran düşünürdü ki, Gürcüstan ona heç bir müqavimət göstərməyəcək və Azərbaycanı yox sayaraq bu münasibətləri Ermənistan üzərindən həyata keçirə biləcək. Çox yaxşı ki, Gürcüstan ilə Azərbaycan höküməti eyni məsələlərə eyni münasibət göstərə və eyni davrana bilirlər”.
 
Qeyd edək ki, Gürcüstan İran vətəndaşlarının və nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoyub və bütün yolları bağlayıb. 
 
Ermənistan üzərindən keçərək Gürcüstana daxil olmaq və tranzit vasitəsi ilə Rusiyaya getmək istəyən yüzlərlə İran yük maşınları və TIR-lar sərhəddə saxlanılıb.
 
0