"Rüstəm Muradov Azərbaycan cəmiyyətində birmənalı qəbul olunmayan, daha doğrusu xoş qarşılanmayan bir adamdır"
Bunu Hit.az-a açıqlamasında “Cümhuriyyət” qəzetinin baş redaktoru, politoloq Rafael Becanov Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov noyabrın 9-da İrəvana, noyabrın 10-da isə Qarabağa səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Muradovun komandanlıq etdiyi dövr birmənalı qarşılanmadığı üçün ciddi şəxs kimi də qəbul olunmur:
"Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilmələrinin ildönümü münasibətilə tədbir keçirilməsi planlaşdırılır. Rüstəm Muradov da keçmiş komandan və Cənub Hərbi Dairəsinin komandanının müavini kimi həmin tədbirdə iştirak edəcək. Amma Rüstəm Muradov Azərbaycan cəmiyyətində birmənalı qəbul olunmayan, daha doğrusu xoş qarşılanmayan bir adamdır. Onun komandanlıq etdiyi dövr birmənalı qarşılanmır. Çünki o dövrdə Ermənistan tərəfindən Qarabağa silah-sursat daşınmasına cəhdlər edilir və Muradov buna laqeyd yanaşır, şərait yaradırdı".
Muradovun komandanlığının ermənilər üçün sanki göydəndüşmə olduğunu deyən Becanov, artıq onun komandan olmadığını və komandanlıqdan uzaqlaşdırılmasının da məhz fəaliyyətindəki nöqsanlarla bağlı olduğunu söylədi:
"Onun komandanlıqdan uzaqlaşdırılması təkcə rotasiya məsələsi deyil, Azərbaycanın tələbi xüsusi rol oynayıb. Ona görə də Rüstəm Muradov təsir gücü olmayan biridir. Onun gəlişi-gedişi heç nəyi dəyişə bilməz. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən isə Azərbaycanın qəti möveyi və iradəsi ortadadır. Şuşada keçirilən Zəfər Günü bütün məsələlərə nöqtə qoyub. Bir yox, yüz Muradov da olsa, hər hansı təxribatdan söhbət gedə biməz. Ermənistan məğlub olub, kapitulaysiya aktını imzalayıb. Bütün havadarları yığışıb onu ayağa qaldırmaq istəsələr də mümkün olmayacaq. Azərbaycan ordusunun qüdrətini Ermənistan da, ermənilər də heç zaman unutmayacaqlar. Sadəcə, Rusiya sülhməramlıların məsuliyyət zonaında oan ərazilər de-jure və de-fakto Azərbaycan ərazisi olduğundan Muradov Azərbaycan hökumətindən müvafiq icazə almaqla Qarabağa gələ bilər. Əgər bu icazə alınmayıbsa, onda müvafiq strukturlar onun gəlişinin qaşısını almalıdır".
Lətif İsmayılov