"Bir çox xarici şirkətlər Laçının tikintisinə sərmayə yatıracaqlar" - Amerikalı ekspertlər

SİYASƏT
09:23 / 30.08.2022
777

Avqustun 26-da Prezident İlham Əliyev Azərbaycanın Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri üzərində nəzarəti bərpa etdiyini bəyan edib.

Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində nəzarət Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli imzaladığı üçtərəfli bəyanat əsasında bərpa edilib.

Amerikalı ekspert Piter Teys Trend-ə bildirib ki, Laçın şəhəri Azərbaycan tarixinin mühüm hissəsidir.

"Azərbaycan sürətlə inkişaf etməkdə davam edir. Onun gənc nəsli Laçın şəhərində yeni müəssisələri inkişaf etdirmək və bütövlükdə ölkənin inkişafına bilavasitə töhfə vermək imkanı qazanacaq. Laçın şəhərinə nəzarətin bərpası Prezident İlham Əliyevin görkəmli liderliyinin nəticəsidir", - deyə P.Teys bildirib.

Onun sözlərinə görə, Laçın zəngin tarixə malik heyranedici bir yerdir. Azərbaycanın şəhərə nəzarəti bərpa etməsi Qafqazda sülhün möhkəmlənməsinə töhfə verəcək və Azərbaycanın bu hissəsində biznesin inkişafı üçün böyük imkanlar yaradacaq.

"Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarətin bərpası Prezident İlham Əliyevin siyasəti sayəsində mümkün olan tarixi hadisədir. Bir çox xarici şirkətlər Laçının tikintisinə sərmayə yatırmağa maraq göstərəcək", - deyə amerikalı ekspert əlavə edib.

Amerikalı analitik İrina Tsukerman öz növbəsində Trend-ə bildirib ki, Azərbaycanın Laçın şəhəri üzərində nəzarəti bərpa etməsi regionda uzunmüddətli sülhə doğru mühüm addımdır.

"Bu, sadəcə olaraq sülhə və tam regional inteqrasiyaya doğru növbəti addım deyil, şəhər həyati strateji əhəmiyyətə malikdir", - deyə amerikalı analitik bildirib.

İ.Tsukerman qeyd edib ki, təxminən 30 il əvvəl Laçın erməni qoşunları tərəfindən işğal ediləndə onun yerli azərbaycanlı əhalisi şəhərdən qovulmuşdu.

"Şəhərin mədəni-sosial obyektləri dağıdılıb, lakin indi keçmiş köçkünlər və onların ailələri evlərinə qayıtmaq, şəhərdə məskunlaşmaq və regionu vaxtilə malik olduğu müxtəlif, dinamik ticarət əlaqələrinə qaytarmaq barədə düşünə bilirlər", - deyə İ.Tsukerman bildirib.

Amerikalı analitik vurğulayıb ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri uğurla yenidən quran, sakinləri və turistləri cəlb edəcək təhsil, sosial və digər obyektləri fəal şəkildə inşa edən ölkə kimi nümunə ola bilər.

"Ermənilər şəhəri tərk edərkən yaşayış evlərini dağıdıblar və şəhərin yenidən qurulması zərurəti ermənilərin qoyduğu vəziyyətdən tamamilə fərqli olaraq burada biznes imkanları yaradacaq. Laçın gələcəkdə Cənubi Qafqaz regionunun gələcək inkişafını sürətləndirmək üçün Qarabağın digər şəhər və kəndlərinin də yenidən qurulmasına nümunə ola bilər", - deyə amerikalı analitik əlavə edib.

0