SİYASƏT
15:15 / 20.10.2022
919

Müxalifət düşərgəsində nə baş verir?

Siyasi analitik Azər Rəşidoğlunun sosial şəbəkə hesabında Müsavat Partiyasının qurultayı ilə bağlı yazdıqları gərgin müzakirələrə səbəb olub. Azər Rəşidoğlu iddia edib ki, Musavat Partiyasının keçmiş başqanı İsa Qəmbər yenidən təşkilatın rəhbərliyinə qayıdacağı və ya buna cəhd ediləcəyi barədə məlumatlara malikdir.
 
Bəzi araşdırmaçılar da iddia edirlər ki, Müsavat Partiyasının daxilində İsa Qəmbərin yenidən başqan postuna qayıdışı müzakirə olunur və hətta ona çoxsaylı təkliflər də edilib. Hətta iddialara görə, bir qrup müsavatçı bununla bağlı partiya üzvlərinin İsa Qəmbərə müraciəti də hazırlayıt. Məlumata görə, keçmiş başqan təklifi qəbul etməyib, lakin birmənalı "yox” cavabını da verməyib.
 
Müsavat Partiyasının Mərkəzi İcra aparatının rəhbəri Gülağa Aslanlı və başqan müavini Fərəc Kərimli Qaynarinfo-ya verdikləri açıqlamada bu iddiaları əsassız adalndırıb. Lakn mənbə iddia edir ki, Müsavat başqanlığı uğrunda mübarizədə Gülağa Aslanlının, Fərəc Kərimlinin, Tofiq Yaqublunun və Yadigar Sadıqlının da adları hallanır. İlk iki namizədin şansı daha yüksək dəyərləndirilir. Lakin İsa Qəmbərin başqanlığa namizədliyi irəli sürülərsə, digər namizədlərin şansı qalmayacaq. İsa Qəmbər başqan və prezidentliyə namizəd olarsa, müxalif düşərgədə canlanma yarana bilər.
 
Vurğulayaq ki, mövzu gündəmdədir və İsa Qəmbərin qayıdışı ilə bağlı müxtəlif məlumatlar səsləndirilir. Bu arada Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun yeni blok yaratdığı barədə də iddialar səsləndirilir. Bu barədə məlumat bir neçə ay əvvəl də yayılmışdı. Həmin vaxt Etibar Məmmədov da Qaynarinfo-ya açıqlamasında deyilənləri təkzib etmişdi.
 
Lakin referendum keçiriləcəyi və konstitusiya islahatının aparılacağı barədə məlumatların yayıldığı bir ərəfədə İsa Qəmbər və Etibar Məmmədovun adlarının hallandırılması təsadüf olmaya bilər. Digər tərəfdən, müxalifət cameədə daha sərt xətt tutan AXCP-nin oktyabrın 24-nə aksiya təyin etməsi, Respublikaçı Alternativ Partiyasınının (REAL) buna kəskin reaksiyası və Xalq Cəbhəsi liderini debata çağırması protest eloktoratında hansısa proseslərin getdiyi qənaətini yaradır. 
 
Qaynarinfo baş verənlərin pərdəarxasına aydınlıq gətirmək üçün statusu müzakirələrə səbəb olan siyasi analitik Azər Rəşidoğlu ilə söhbətləşib. Analitik bildirib ki, məsələyə daha qlobal baxmağın tərəfdarıdır: 
 
 
"Bölgədə ciddi proseslər cərəyan edir. Cənubi Qafqaz Qərb, Rusiya və İranın maraqlarının toqquşduğu məkana çevrilir. Şübhəsiz ki, bütün bunlar Azərbaycana da təsir edir və siyasi həyatda canlanma hiss edilir. Hakimiyyət daxilində də müəyyən proseslər yaşanır və maraq qrupları fəallığını artırır. Hər kəs qarşıdakı situasiyaya hazır olmaq istəyir. Azərbaycan müxalifəti də zəncirvari prosesə qoşulmaq zorundadır. Düşünmürəm ki, bu hazırlıq proporsional seçki sisteminin bərpası ilə bağlıdır. İnanmıram ki, belə həssas dönəmdə referendum və ya seçki keçirilsin. Lakin hər kəs hazırlıqlı olmaq istəyir. Bölgədə cərəyan edən proseslərin məntiqi nəticəsi olaraq Azərbaycanda qəfil seçki qərarı verilə bilər”. 
 
Rəşidoğlu hesab edir ki, İsa Qəmbərin və Etibar Məmmədovun siyasətə qayıdışı barədə deyilənlər kimlərdəsə rəğbət, kimlərdəsə qıcıq doğurur: 
 
"Belə də olmalıdır. Hər kəs eyni düşünə bilməz. Məsələn, Müsavat daxilində bəziləri hesab edirlər ki, növbəti başqan yeni sima olmalıdır, lakin veteran müsavatçılar bu qənaətdədirlər ki, İsa Qəmbər başqanlığa qayıtsa, onlar da təşkilata qayıda və növbəti seçkilərə vahid komanda kimi gedə bilərlər. İnsanları düşüncə azadlığından məhrum etmək olmaz. Bəziləri isə düşünürlər ki, İsa Qəmbər və ya Etibar Məmmədovun qatarı artıq gedib. Bəlkə də bu fikirdə olanlar haqlıdırlar. Lakin Azərbaycan reallığı onu deməyə əsas verir ki, regionaçuluq amili hələ də mühüm rol oynayır. Nəzərə alsaq ki, hakimiyyət komandası yenilənir, köhnə qvardiya ofsaytda qalır, onların da köhnə müxalifətin reanimasiya olunmasında maraqlı ola biləcəkləri ehtimalı yaranır”.
 
Ekspert onu da qeyd edib ki, son zamanlar formalaşan yeni partiyalar indi daha fəal görünürlər: 
 
"Lakin yeni müxalifət təşkilatları hələ önəmli uğur qazana bilməyiblər. Bunun da öz səbəbləri var. Resurs azdır, maliyyə qıtlığı mövcuddur, təbliğatın qurulması inzibati problemlərlə üzləşir. Bu səbəbdən "köhnə qvardiya” kimlər üçünsə daha cəlbedici görünür”.
 
Analitik vurğulayıb ki, ictimai rəy İsa Qəmbərin qayıdış perspektivinə aqressiv yanaşmadı və bu məlumat müxalifət və media cameəsinin gündəminə çevrildi.
 
"İstisna etmirəm ki, başqa partiyalarda da proseslər başlanılsın. Mən mülahizələrimlə danışmamışam. İsa Qəmbərin qayıdışı ilə bağlı partiyada dar çərçivədə müzakirələrin getdiyi barədə dəqiq məlumata malikəm, əks halda bu məsələ barədə yazmazdım. Şəxsən, mən İsa bəyin qayıdışını faydalı hesab edərdim. Amma bu məsələdə onun özü və komandası qərar verməlidir. Sizə yeni məlumat verim. İlk dəfədir bunu deyirəm və məlumatı dəqiqləşdirmişəm. Ən yaxın vaxtlarda AXCP-də "yeni sədr müzakirələri” başlaya bilər, bu istiqamətdə müəyyən danışıqlar gedib. Lakin Əli Kərimli partiyada narazılıqları yatıra bilir. Odur ki, hədəfin başqa nəsnə olduğu anlaşılır. Ehtimal edirəm ki, hakimiyyət dəhlizlərindən çıxmış müəyyən simalar böyük siyasətə gəlmək istəyir və onların hədəfi seçkilərdir”.
 
0