Makron İlham Əliyevə zəng etməyə niyə məcbur olub?

SİYASƏT
16:21 / 13.11.2022
1496

“Fransa Prezidenti Emmanuel Makron İlham Əliyevə zəng etməyə niyə ehtiyac duyub? Axı Fransa televiziyasına verdiyi son müsahibədə Makronun qatı ermənipərəst mövqedən çıxış etməsi Azərbaycan-Fransa münasibətlərinə zərər vurub. Onun son açıqlamaları Fransanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik imkanlarını minimuma endirib”.

HİT.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Makronun Azərbaycan Prezidentinə zəng etməsinə bir neçə səbəb məcbur edib:

“Birincisi, son açıqlamalarıyla tərəfsizliyini ermənilərinə xeyrinə pozmasına baxmayaraq, Makron Ermənistanla Azərbaycan arasında vasitəçilikdən imtina etmək istəmir. İkincisi, Makron telefonda da dediyi kimi noyabrın 19-da Frankofoniya təşkilatının 18-ci zirvə görüşü çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. O, bu barədə İlham Əliyevi məlumatlandırmağı lazım bilib. Makron sanki bununla demək istəyib ki, tərəflərdən biri ilə görüşürsə, o birisi ilə də dialoqu davam etdirməkdə maraqlıdır. Halbuki, Emmanuel Makron tərəfsizliyini yalnız ermənipərəst açıqlamalarla pozmayıb, iki dəfə Ermənistana səfər edib, Azərbaycana səfər etməməklə də pozub. Ona qədər Fransa prezidentləri Ermənistana səfər edəndə, Azərbaycana da gələrdilər. Makron bu ənəni Ermənistanın xeyrinə pozub”.

Politoloq üçüncü səbəb olaraq qeyd edib ki, Makron böyük ehtimalla İlham Əliyevin Əlcəzairdə noyabrın 1-də Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısındakı çıxışından narahat olub:

“Azərbaycan Prezidenti həmin çıxışında Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını və 1,5 milyon əlcəzairlinin qətlə yetirdiyini bildirdi. Makron anlamamış deyil ki, o ermənipərəst mövqeyini gücləndirdikcə İlham Əliyev Fransanın Əlcəzairdəki “əməllərini” müxtəlif toplantılarda tez-tez xatırlayacaq. Əgər Makron və ətrafı Azərbaycan rəsmilərinin beynəlxalq toplantılarda Əlcəzairdəki “əməllərinin” ifşasını istəmirlərsə, ermənipərəst mövqelərini korrektə etməlidirlər. Bunun üçün birincisi, Emmanuel Makron açıqlamalarına diqqət yetirməli, Parisin tərəfsiz vasitəçi olmasını istəyirsə, balansı qorumalı, ikincisi Fransa parlamenti  gələn həftə Azərbaycan əleyhinə qətnamənin qəbulundan vaz keçməlidir”.

0