SİYASƏT
11:56 / 17.12.2022
1472

Rusiya sülhməramlıların sayını artırmaq istəyir: Bakının cavabı nə olacaq?

"Bakı Rusiya sülhməramlıların sayının artırılmasına nəinki razı olacaq, heç onun müzakirə predmeti halına gəlməsinə də icazə verməyəcək”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Rusiya Prezidenti Vladimir Putinin Qarabağdakı rus sülhməramlı qüvvələrin sayının iki tərəfin razılığı ilə artırıla biləcəyilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
 
"Rusiya Qarabağdakı sülhməramlı kontingentin sayının artırılmasında maraqlı ola bilər. Putinin dediyində həqiqət payı var. Qarabağdakı sülhməramlıların sayı yalnız iki tərəfin razılığı olacağı təqdirdə artırıla bilər. Amma aydındır ki, Bakı sülhməramlıların sayının artırılmasına nəinki razı olacaq, heç onun müzakirə predmeti halına gəlməsinə də icazə verməyəcək. 
 
 
Azərbaycan 5 ilin tamamında sülhməramlıların ərazidən çıxmasının tərəfdarıdır. Hətta bu prosesin maksimum dərəcədə daha tez olmasına çalışır. Sülhməramlıların məsuliyyət zonasında etdiyi son təxribatlar və separatçılara yaratdığı şəraiti də nəzərə alsaq, Azərbaycanın onların fəaliyyətindən narazı qaldığını görmək olar. Putinin dediyi bu ifadə sadəcə manipulyasiyadır. Azərbaycan tərəfi sülhməramlıların sayının artırılması müstəvisində danışıqlara getməyəcək”. 
 
Həmsöhbətimizin fikrincə, sülhməramlıların sayının artırılması ilə bağlı Kremlin Bakıya təzyiqi Azərbaycanı ABŞ ilə daha geniş əməkdaşlığına sövq edəcək: 
 
"Rusiyanın sülhməramlıların sayının artırılmasına nail olmaq üçün Azərbaycana təzyiq imkanları indiki halda çox zəifdir. Ukrayna müharibəsinin davam etdiyi zamanda Moskva belə bir təzyiq imkanına malik deyil. Bu istiqamətdə Moskvanın təzyiqi Azərbaycanın Rusiyaya qarşı daha güclü ölkə ilə əməkdaşlığına gətirib çıxara bilər. Söhbət ABŞ-dan gedir. Bir müddət öncə Azərbaycan müdafiə nazirinin köməkçisinin ABŞ-a səfəri oldu. Bu səfər göstərir ki, Bakı indiki dövrdə ABŞ-la da təmasları artırır. Bu isə öz növbəsində həm də Azərbayacnın Rusiyanın ehtimal təzyiqlərini bloklamaq xarakteri daşıyır”. 
 
Ekspert bu qənaətdədir ki, Putinin açıqlaması erməniləri sakitləşdirməyə hesablanıb. 
 
 
0