Zəlzələ Türkiyə siyasi reallığında nələri dəyişəcək? - Proqnoz...

SİYASƏT
17:59 / 10.02.2023
2797

Sahib Kərimli

Dünyanın tanınmış mütəxəssisləri də deyir ki, Türkiyədə baş verən zəlzələ, xüsusiyyətlərinə görə, qeyri-adi və dağıdıcıdır. 

Peykdən yer səthinin 3 metr yerdəyişməsi (fay xəttinin qırılaraq oynaması)  görüntüsü də paylaşılıb.

Zəlzələnin episentrinin dənizdə yox, quruda olması, ard-arda iki güclü təkanın baş verməsi də dağıntıları qaçınılmaz edib.

AKP -nin və Prezident R.T. Ərdoğanın, Türkiyə və Türk çoğrafiyası üçün gördüyü böyük işlər danılmaz faktdır. 

Amma bu dağıntının miqyası da çox böyükdür.

Ölü sayısı böyük ehtimalla yüz mini keçəcək. 

Bunun siyasi və hüquqi məsuliyyəti yaranmaya bilməz. 

Üstəlik, seçicilərin əksəriyyəti təbii olaraq,  sadə parametrlər üzrə dəyərləndirmələr etməyə meyllidir. İqtisadi problemlər çoxdur, iqtidar da köhnəlib.

Türkiyə gerçəkdən demokratik ölkədir, burada müxalifət liderləri fövqəladə vəziyyətin olduğu bölgəyə gedib, xalqla siyasi iş apara bilirlər. Müxalifətin Bələdiyyə başqanları var. İstanbul, Ankara, İzmir kimi üç böyük şəhərin bələdiyyə personalı və texnikası həm kömək edir, həm də siyasi rəqabət aparır, müxalifətçilik edir.

Belə özünəməxsus çalarları olan demokratik mühit harada var?

Qərbdə deyib keçmək olar, amma qərb insanı və sistemi başqa, Türkiyə və insanı başqa. 

Ərdoğanın bu ölçüdə fəlakətə görə yaranmış məsuliyyətin altından çıxması çoxlarına çətin görünür. Bizim liberal demokratlarımız  artıq dəfn ediblər Ərdoğanı. 

Hesab edirəm ki, elə deyil!

Doğrudur, korrupsiya və digər məsələrlə bağlı haqlı iradlar mövcuddur. Xüsusiylə, tikintidə "beşli çetə" deyilən imtiyazlı qrupla bağlı deyilənlər, indi, daha çox təsirlər yaradır. Amma ortada bir fakt var ki, son 20 ildə tikilən binaların 90% - i sağlam qalıb. Bu faktdan təbii ki, hakimiyyət istifadə edəcək. 

Dağılan binaların hamısı öncədən tikilənlərdi. 

İddia olunur ki, "zəlzələ vergisi" deyə bir vergi var, o vəsait mənimsənilib, köhnə binaların möhkəmlənməsinə və yenilənməsinə xərclənməyib. Bu iddianın əsası yoxdur. 1999-cu ildəki zəlzələdən sonra, AKP - dən əvvəlki hökumət, "xüsusi istehlak" vergisi yaradıb. Yəni bahalı əşyalar alanlardan ayrıca vergi alınıb. Bu vergi növü zəlzələdən həmən sonra tətbiq edilməyə başladığından, ona ictimaiyyət arasında "zəlzələ vergisi" adı qoyulub. Halbuki bu, adi vergilərdən biridir. 

Seçkilərin tarixi yəqin ki, dəyişdiriləcək.

Ölkənin 20 faizinə yaxın ərazisi dağılıb, ərazidəki əhalinin onminləri həlak olub, on milyona yaxın adam köçkün olub. 

Dövlətin bürün potensialı cəlb edilib bölgəyə. Dağıntılar altından onminlərlə adamın cəsədi çıxarılmalı və dəfn edilməlidir. Yüzminlərlə adam müalicə edilməlidir, milyonlarla adam müvəqqəti yerləşdirilməlidir. 

Seçkilər may ayında keçiriləcəksə, yaxın müddətdə seçki kampaniyaları başlamalıdır. 

Bu, realdırmı? Məncə, yox!

Düşünürəm ki, seçkilər təxirə düşəcək. 

Daha sonra iki əsas faktor Ərdoğanın yenidən qələbə qazanmasını şərtləndirəcək.

Birincisi, zəlzələnin fəsadlarını aradan qaldırma işlərində böyük işlər görüb, bir il müddətində köçkün əhalini yeni mənzillərlə təmin edəcəklər. 

İkinci faktor, müxalifətin səhvləri olacaq. Müxalifətin faciədən siyasi məqsədlərlə istifadə etməsi indidən göz deşməyə başlayıb. Seçkilərin təxirə salınmasıyla bağlı müzakirələr başlayanda, müxalifət növbəti səhvlərini edəcək. Onların qabarıq siyasi ehtiraslarından Ərdoğan ustalıqla yararlanacaq və Prezident seçiləcək. 

Bir məsələ də undulmamalıdır. Türkiyə seçicisinin spesifik xüsusiyyətləri də var. İmperyia varsidilər, şərq insanıdılar. Beynəlxalq siyasi münasibətlər sistemində, şəxsiyyətinin çəkisi olan liderdən rahatlıqla imtina etməzlər. 

Eyni vaxtda keçirilən Parlament seçkilərində isə, AKP-MHP İttifaqının məğlubiyyəti yüksək ehtimaldır. İqtidar Parlament çoxluğunu itirəcək.

Bu, qardaş ölkədə yeni siyasi reallıqlar yaradacaq. Türkiyə demokratiyası və idarəetmə sistemi, yeni mərhələyə daxil olacaq. Gələcəkdə bunun necə siyasi böhran yaratmasını və yeni sistemin necə oturuşmasını isə, zaman göstərəcək.

0