"Nikol Paşinyan reallıqla barışıb" - ŞƏRH

SİYASƏT
12:41 / 04.05.2023
630

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti etirafı ilə diqqət mərkəzinə düşüb. O, ölkəsinin qonşu ölkələrə ərazi iddiasının olmadığını bəyan etməli olduğunu açıqlayıb:

"Ermənistan bəyan etməlidir ki, onun qonşu ölkələrə qarşı nəinki ərazi iddiası yoxdur, hətta heç vaxt olmayacaq".

Görünən odur ki, Nikol Paşinyan artıq reallığı dərk etməyə başlayıb. O, özü də ölkəsinin inkişaf etməsi üçün başqa yolun qalmadığını və mövcud ritorikasından əl çəkməli olduğu çox gözəl başa düşür.

Bəs bundan sonra rəsmi İrəvanın konstruktiv mövqe nümayiş etdirməsini gözləmək olar?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Nikol Paşinyanın son açıqlamaları həqiqətən də diqqət çəkir:

"Xüsusilə son açıqlamalarında Azərbaycana qarşı ərazi iddialarının olmadığını deməsi onun reallıqları qəbul etdiyini, daha doğrusu qəbul etməyə məcbur olduğunu göstərir. Rəsmi İrəvan başa düşür ki, qonşu ölkələrə ərazi iddiası irəli sürmək onun vəziyyətini sadəcə ağırlaşdıracaq. Bu, həm də Ermənistanın regional layihələrdən uzaq qalması və təklənməsi deməkdir.

Hesab edirəm Paşinyanın fikirlərində və ritorikasında dəyişimin bir digər səbəbi də ABŞ və Qərbin təziqlərilə bağlıdır. ABŞ və Qərb Ermənistana ən qısa zamanda Azərbaycanla gərginliyi sonlandırıb yekun sülh müqaviləsi imzalanması yönündə təzyiqlər edir. Bu, o baxımdan vacibdir ki, münaqişənin bitməsi Kremlin Cənubi Qafqazda təsir imkanlarını zəiflədəcək".

Politoloq əlavə edib ki, Paşinyanın açıqlamaları bir çox halda ikibaşlı olur:

"Məsələn, o, qeyd edir ki, ölkəsinin qonşu ölkələrə ərazi iddiası yoxdur. Bu ikibaşlı bir yanaşmadır. Paşinyan onsuz da bunu əvvəldən bəri deyir. Lakin o Qarabağ Azərbaycandır demir. Bu isə öz növbəsində onun bu ərazini Azərbaycanın ərazi olaraq tanımadığı göstərir. 

Əslində Paşinyan bunu da deyə bilər. Lakin ultra milliyətçi ermənilər və müxalifətdən çəkinir. Onun "Ermənistan bəyan etməlidir ki, onun qonşu ölkələrə qarşı nəinki ərazi iddiası yoxdur, hətta heç vaxt olmayacaq" sözləridə əslində bunu sübut edir. Paşinyan sanki bu ifadəsi ilə ona təziq edən qüvələrə səslənir. Hansı ki, bu qüvvələr Azərbaycanın Qarabağ və Naxçıvan, Türkiyənin şərqi, və Gürcüstanın Cavaxeti ərazisinə belə ərazi iddiası edir. 

Bu mənada, Paşinyan Qarabağ Azərbaycandır deyənə və bütün erməni cəmiyyəti bunu birmənalı şəkildə qəbul edənə qədər ehtiyatı əldən vermək olmaz".

Pərviz

0