Moskva görüşündə Azərbaycanla Ermənistan arasında sülhə nail oluna bilər?

SİYASƏT
17:42 / 04.05.2023
925

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşü razılaşdırılıb.

Bunu Rusiyanın xarici işlər naziri Mariya Zaxarova açıqlayıb. O, görüşüb dəqiq vaxtının hələ məlum olmadığını deyib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşlər keçirildi. Bunun ardınca isə tərəflərin Moskvada bir araya gəlmələri barədə razılıq olundu.

Maraqlıdır, Vaşinqtonun ardından Moskvada keçiriləcək görüşdə hansısa ciddi addım atmaq və ya razılaşmaya nail olmaq mümkündür?

Bununla bağlı HİT.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Rusiyanın bu təklifi indi verməsindəki marağı ortadadır:

"Rusiya bununla açıq şəkildə göstərmək istəyir ki, Qarabağ münaqişəsinin yeganə vasitəçisi var və Cənubi Qafqazdakı sülh prosesinə sadəcə özü nəzarət edə bilər. Məhz ona görə ki, Vaşinqton görüşləri ərəfəsində, tərəflərin sülhə çox yaxın olduğu deyilən və günlərlə davam edən bu görüşlərdən yekun sülhün çıxması ümidi çox böyükdür. Gözlənilir ki, ABŞ tərəflərə təzyiq edəcək və artıq sülh müqaviləsi imzalanacaq. Hətta Ermənistandakı fərqli nəşrlər bununla bağlı ictimaiyyətə sızdırdıqları məlumatlarda tərəflərin sülhə yaxın olduğunu yazırlar. Həmçinin, Ermənistanın müəyyən güzəştləri qəbul etdiyinə dair açıqlamalar verilir. Belə bir məqamda Rusiyanın tərəflərin Moskvada görüşünün olacağının açıqlanması o deməkdir ki, Vaşinqton görüşü heç bir halda sülhü təmin edə bilməz. Əgər Vaşinqton görüşü sülhü təmin edəcək və sülh müqaviləsi imzalanacaqsa, onda Moskva görüşü nəyə lazımdır? Artıq münaqişə bitmiş olacaq".

Politoloq vurğulayıb ki, Kremlin yeni Moskva görüşünü elan etməkdə məqsədi Vaşinqtonda sülhə nail olmağın mümkün olmadığını göstərməkdir:

"Yəni deyilir ki, Rusiyanın vasitəçiliyi olmadan heç bir halda sühə icazə verilməyəcək. Moskvanın vasitəçiliyi ilə isə sülhə nail olmağın çox çətin olduğunu düşünürəm. Çünki Rusiya münaqişənin həll edilməsində maraqlı deyil. Rəsmi Moskva düşünür ki, münaqişə nə qədər uzun müddət davam edərsə, Rusiyanın tərəflərə təzyiq imkanları o qədər artacaq. Ona görə də tərəflərə təzyiq imkanlarını ortadan qaldırmaq istəmir".

Turab Rzayev hesab edir ki, Rusiya üçün Qarabağdakı separatçı rejim xüsusi əhəmiyyət daşıyır:

"Yəni Rusiya həmin rejimi birdəfəlik ləğv etmək istəmir. Çünki sülhün yolu separatçıların ləğv olunmasından və Qarabağ ermənilərinin Azərbaycanın tərkibində etnik azlığa çevrilməsindən keçir. Vaşinqton planı da bunu özündə ehtiva edir. Ermənistan tərəfi də müəyyən qədər buna razıdır. Lakin buna ən böyük müqavimət Xankəndidəki separatçı rejimdən, cinayətkar "Qarabağ klanı"ndan və onları dəstəkləyən Rusiyadan gəlir. Bu, onu deməyə əsas verir ki, Kreml heç bir halda Qarabağdakı separatçı rejimin qalıqlarının ləğv olunmasına və Xankəndinin Azərbaycanın tərkibinə keçməsinə razı olmayacaq. Əgər Azərbaycanın Qarabağın Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərinə yenidən nəzarət edə bilməyəcəksə və oradakı separatçı rejim ləğv olunmayacaqsa, onda sülh müqaviləsindən söhbət gedə bilməz. Aydın məsələdir ki, nə belə müqaviləni, nə də bu yanaşmanı Azərbaycan xalqı qəbul etməyəcək".

Pərviz

0