Nikolun Azərbaycana hücum əmrinin hədəfi: diversantlara hansı tapşırıq verilib?

SİYASƏT
14:05 / 27.05.2023
800

Ermənistanın Zəngilan istiqamətində təxribat-diversiya cəhdi təxribatların açıq müstəviyə keçirilməsidir: sərhədçilərimiz tərəfindən təxribatın qarşısı alınıb, 2 erməni diversantı saxlanılıb;

Rəsmi İrəvan Müdafiə Nazirliyi səviyyəsində bunu təkzib etməyə çalışsa da, erməni diversantların saxlanılması faktından yayına bilməz. Diversantların ərazimizə soxulmağa cəhd etdiyi gün Ermənistan Müdafiə Nazirliyində kollegial iclasın keçirilməsi, müdafiə naziri Suren Papikyanın tapşırıqlar verilməsi də diqqət çəkir. Böyük ehtimalla təxribat-diversiya qrupunun göndərilməsi qərarı məhz həmin iclasda verilib.

Diversiya hücumunun Moskva görüşündən bir gün sonra baş verməsi təsadüfi deyil və İrəvanın məqsədini anlamağa imkan verir.

Moskvada nə baş vermişdi?

Ermənistanın baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq kimi iştirak edən Prezident İlham Əliyevlə “söz dueli”nə cəhd etdi. Paşinyanın yersiz, həm də məsələlərin mahiyyətindən xəbərsiz iddialarına cavabında Azərbaycan lideri sözün məcazi mənasında desək, erməni baş naziri “diri yuyub, ölü sərdi”. Əslində Paşinyanın Əliyevin qarşısında “özünü göstərmək” cəhdləri bir neçə dəfə olub və hər dəfə də Azərbaycan Prezidentinin diplomatik zəkası qarşısında biabırçı vəziyyətə düşüb. Analoji hal yenə yaşandı.

Prezident İlham Əliyev Zəngəzur dəhlizindən, onun regiona gətirəcəyi dividentlərdən danışanda Nikol Paşinyan Azərbaycanı Ermənistana qarşı ərazi iddiası irəli sürməkdə ittiham etdi. 10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndini xatırlatdı, bəyanatda yalnız bir “dəhlizin” nəzərdə tutulduğunu, onun da “Laçın dəhlizi” olduğunu, bu “dəhlizin” bağlandığını dedi.

Azərbaycan lideri erməni baş nazirə başa saldı ki:

- Zəngəzur dəhlizi ilə bağlı dediklərini Ermənistana qarşı ərazi iddiası kimi görmək üçün şiddətli fantaziya sahibi olmalısan;
- “Dəhliz” ifadəsi beynəlxalq termindir və Şimal-Cənub, eləcə də Şərq-Qərb layihəsi ilə bağlı da işlədilir;
- Azərbaycan heç bir dəhlizi bağlamayıb. Ermənistanla Azərbaycan sərhədində sərhəd-keçid məntəqəsi yaradılıb. Bütün bunlar beynəlxalq hüquqa uyğundur. Bu, Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir... Bunu istənilən qərəzsiz şəxs görməlidir, siz də əsassız ittihamlar üçün podiumdan istifadə etməyə çalışmamalısınız!

Prezident İlham Əliyev ustalıqla Nikol Paşinyanın nə siyasətdən, nə də beynəlxalq münasibətlərdən xəbərinin olmadığını nümayiş etdirdi və erməni baş naziri sözün əsl mənasında yerində oturtdu. “Söz dueli”ndən yayılan görüntülər də Paşinyanın düşdüyü biabırçı vəziyyəti açıq şəkildə göstərir.

Əslində Paşinyanın oyunu baş tutmamışdı. Erməni baş nazir Prezident İlham Əliyevlə açıq mübahisəyə getməklə “Ermənistanın ərazisi və maraqlarını qoruyuram” görüntüsü vermək, bununla daxildəki tənqidlər qarşısında müdafiə xətti yaratmaq istəyirdi. Cəmi bir neçə gün öncə o, Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla erməni müxalifətinin tənqid hədəfinə çevrilib. İndi özündən “Ermənistan uğrunda mübarizə aparan döyüşçü” düzəltməyə cəhd edirdi, o cümlədən, bununla Əliyevin “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır” sözlərinə etiraz etmədiyi üçün müxalifətin sərt tənqidi ilə üzləşməsinə qarşı “cavab verirəm” demək istəyirdi. Lakin yalnız gülüş obyektinə çevrildi.

Və Moskvadan qayıdan kimi diversiya qrupunun Azərbaycana hücum etməsi göstərişi verdi. Bunun “uğurlu lokal qələbə” əldə edərək, Moskvada düşdüyü biabırçı vəziyyəti unutdurmaq məqsədi daşıdığı şübhəsizdir. Hərçənd, diversiya addımının həm siyasi, həm də hərbi müstəvidə konkret hədəfləri də var.

Siyasi hədəf sülh prosesini pozmaq, danışıqlar masasındakı gündəliyi arxa plana keçirməkdir.

- Vaşinqton görüşündə Ermənistan Qarabağ planına nail ola bilmədi: ABŞ Bakının Qarabağdakı erməni əhalisi ilə inteqrasiya prosesini dəstəklədi, o cümlədən, ərazi bütövlüyünün tanınması məsələsini ön plana çıxardı;
- Brüsseldə Bakının gündəliyi qəbul olundu: Qarabağ Azərbaycanın daxili məsələsi olduğu təsdiqləndi və Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdı: Paşinyan görüşdən sonra açıq şəkildə bildirdi ki, Azərbaycanın tanıdıqları 86,6 min kvadratkilometr ərazisinə Qarabağ və anklavlar (Qazaxın kəndləri və Kərki kəndi) da daxildir; erməni baş nazir bununla Əliyevin “Qarabağ Azərbaycandır desin” tələbinə də əməl etməyə məcbur oldu;
- Moskvada kommunikasiyanın açılması aktual mövzu idi və Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəstəklənmədi: İşçi qrupunun gələn həftə keçiriləcək görüşündə 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun olaraq, Azərbaycanın Naxçıvana “maneəsiz keçidi”nin detalları müzakirə olunacaq;

Bütün platformalarda İrəvan diplomatik məğlubiyyətə uğrayıb və qarşıdan Kişinyov görüşü gəlir: 1 iyunda keçirilən görüş beştərəfli formatda olacaq – Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Fransa prezidenti, Almaniya kansleri və Ermənistanın baş naziri;

Bu görüşdə sülh sazişinin imzalanması ilə bağlı gözləntilər var. Ermənistanın qaçmaq üçün manevr imkanları tükənib. Və İrəvanda düşünürlər ki, belə bir məqamda hərbi eskalasiyanın baş verməsi Paşinyana götürdüyü öhdəliklərdən yayınmaq imkanı yarada bilər. Diversiya qrupunun Azərbaycana hücum cəhdi buna hesablanmışdı.

Hərbi hədəf hərbi eskalasiyanın yaradılması ilə yanaşı, Nikolun “lokal qələbə” qazanmaq istəyindən ibarətdir və diversiya qrupunun konkret tapşırıqla gəldiyi şübhəsizdir:

- Ordumuzun işğaldan azad edilmiş ərazilərdə mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq: bu, mümkün təxribat hücumunda Ermənistanın zərbə endirmək planının tərkib hissəsidir;
- Hərbi qulluqçularımıza, yaxud hərbi strukturlara qarşı terror hücumunun təşkil edilməsi;
- Azərbaycanın mülki vətəndaşlarına qarşı terror hücumunun təşkil edilməsi;

Burada diqqətçəkən əsas məqamlardan biri də diversiya cəhdinin Zəngilan istiqamətində - məhz Zəngəzur dəhlizinin inşa edildiyi bölgəyə edilməsidir. İstisna deyil ki, Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirəsindən sonra çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi diversiya qrupuna dəhlizin Azərbaycan hissəsində aparılan inşa işlərinə qarşı təxribatların törədilməsini tapşırığını da verib. Paşinyan bununla dəhlizin işasını dayandırmaq, masada müzakirəsini arxa plana keçirmək, həm də “dəhliz məsələsində prinsipiallığını” göstərmək istəyir.

Dövlət Sərhəd Xidmətinin hərbçiləri Ermənistanın diversant qrupunun təxribat hücumunun qarşısını uğurla almaqla həm Paşinyanın planlarını alt-üst etdi, həm də Azərbaycan ərazisinin dərinliklərində mülki vətəndaşlarımıza qarşı mümkün terror hücumlarına imkan vermədi.

Asif Nərimanlı

0