Atlantik okeanının cənubunda yerləşən Vozneseniye adası təxminən iki əsr ərzində heyrətamiz dəyişikliklərə məruz qalıb. Vaxtilə quraq və bitki örtüyündən məhrum olan ərazi insanların müdaxiləsi nəticəsində sıx yaşıllıqlarla örtülmüş məkana çevrilib. Alimlər bu təcrübənin səhralaşma ilə mübarizədə mühüm əhəmiyyət daşıya biləcəyini düşünürlər.
HİT.az xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri yazıb.
Təxminən bir milyon il əvvəl vulkan püskürmələri nəticəsində Atlantik okeanının dibindən yaranan ada 1501-ci ildə portuqaliyalı admiral Juan da Nova tərəfindən kəşf edilib. Lakin burada daimi məskunlaşma yalnız 1815-ci ildə, Böyük Britaniyanın hərbi forpost yaratmasından sonra başlayıb.
1836-cı ildə adaya səfər edən məşhur təbiətşünas Çarlz Darvin buranı çılpaq, quraq və xoşagəlməz mənzərəyə malik ərazi kimi təsvir etmişdi.
Adanın dəyişməsində əsas rol isə britaniyalı botanik Cozef Hukerin təşəbbüsü ilə həyata keçirilən yaşıllaşdırma işlərinə məxsusdur. 1847-ci ildə o, Kral Donanmasını Londondakı Kyu Botanika Bağlarından müxtəlif bitkilərin nümunələrini adaya gətirməyə razı salıb.
Məqsəd bitkilər vasitəsilə yağış suyunun daha çox toplanmasına, buxarlanmanın azalmasına və torpağın keyfiyyətinin yaxşılaşmasına nail olmaq idi. Nəticədə evkalipt, bambuk, banan ağacları və digər bitkilər adada yayılmağa başlayıb. Bir vaxtlar səhralıq görünüşə malik ərazidə zamanla sıx tropik meşə formalaşıb.
Alimlər hesab edirlər ki, bu təcrübə iqlim dəyişiklikləri nəticəsində səhralaşma ilə üzləşən bölgələr üçün müəyyən nümunə ola bilər. Pompeu Fabra Universitetinin tədqiqatçısı Viktor Maull da adanın təcrübəsinin ekosistemlərin bərpası prosesini öyrənmək baxımından əhəmiyyətini vurğulayıb.
Bununla belə, mütəxəssislər insan müdaxiləsinin hər zaman müsbət nəticə vermədiyinə diqqət çəkirlər. Çünki yeni bitki növlərinin gətirilməsi mövcud ekosistemin təbii tarazlığını poza və yerli növlərin yox olmasına səbəb ola bilər.
Beləliklə, Vozneseniye adasının təcrübəsi bəşəriyyətə iki mühüm mesaj verir: düzgün planlaşdırılmış müdaxilə təbiətin bərpasına kömək edə bilər, lakin təbii ekosistemlərin dəyişdirilməsi gözlənilməz nəticələr də doğura bilər.
Samir


