Avropalı müşahidəçilərin əməlləri sülhə xidmət etmir - ŞƏRH

SİYASƏT
14:02 / 24.06.2023
806

"Avropalı rəsmilərin Ermənistana səfəri sülhə xidmət etmir".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Turab Rzayev deyib.

O bildirib ki, Avropa rəsmilərinin bu cür davranmağı heç bir halda Azərbaycanın siyasi maraqlarına uyğun deyil:

"Ümumiyyətlə, bu addımlar münaqişənin həllinə müsbət töhfə vermir. Əgər avropalı rəsmilərin hansısa səfərləri həqiqətən sülhə xidmət edirsə, o nə Azərbaycanı, nə də Ermənistanı qıcıqlandırmamalıdır. Onlar, tərəflər arasında ayrışdırıcı yox, barışdırıcı mövqe tutmalıdırlar. Həmçinin, iki tərəfin də maraqları nəzərə alınmalıdır. Ancaq biz görürük ki, avropalı rəsmilər Ermənistan tərəfindən çıxış edirlər və daha çox ora səfər edirlər. Üstəlik, Ermənistan tərəfindən Azərbaycana sərhədlərinə yaxınlaşırlar və monitorinqi də orada aparırlar".

328842

Politoloq əlavə edib ki, avropalı müşahidəçilər Ermənistanın maraqlarına uyğun müşahidə aparırlar:

"Onlar, həm də Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına daxil olmağa çalışırlar. Avropalı rəsmilər istəyirlər ki, oradakı vəziyyətə nəzarət etsinlər və hansısa şəkildə buna təsir göstərsinlər. Onlar, Laçın dəhlizinin açılması, oradakı ermənilərə hansısa əlavə hüquqların tanınması istiqamətində, eləcə də guya Qarabağdakı ermənilərin hüquqlarının pozulduğu və onların "humanitar böhran" yaşadığına dair dünya ictimaiyyətinə yalan və neqativ məlumatlar ötürürlər. 

Təbii ki, Azərbaycan dövləti də bunları qəbul etmir və açıq şəkildə öz etirazını bildirir. Əslində, bu cür missiyalar qarşılıqlı şəkildə həm Ermənistanla, həm də Azərbaycanla razılaşdırılmalıdır. Ancaq o halda effektiv ola və həqiqətən də sülhə xidmət edə bilər".

Pərviz

0