Ermənistanın sülh müqaviləsini imzalamamasına səbəb 3 ölkədir - ŞƏRH

SİYASƏT
12:37 / 17.07.2023
655

"Hazırkı vəziyyətdə Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa əngəl olan əsas amil Ermənistanın müstəqil dövlət olmamasıdır".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Ermənistan bu və ya digər şəkildə ayrı-ayrı ölkələrdən asılıdır:

"Buna görə Ermənistan məcbur olaraq, danışıqlar masasında da ayrı-ayrı ölkələrin diqtəsi ilə hərəkət edir. Əslində, danışıqlarda onların mövqeyini əks etdirir. Bugünkü vəziyyət onu göstərir ki, Ermənistan hələ də Rusiyanın təzyiqi altından çıxa bilmir. Onlara ABŞ tərəfindən nə qədər təzyiqlər olsa da, Rusiyanın Ermənistan üzərində təsir rıçaqları həddindən artıq çoxdur. Faktiki olaraq, rəsmi İrəvan Moskvanın dediklərini həyata keçirmək məcburiyyətindədir".

330071

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması Rusiyanın maraqlarına ziddir:

"Belə ki, tərəflər arasında sülh müqaviləsinin bağlanması növbəti mərhələdə təkcə Azərbaycan ərazisindəki rus sülhməramlılarının regionu tərk etməsi deyil, eyni zamanda Ermənistanın özündəki Rusiya hərbi bazasının da regiondan çıxarılmasına səbəb olacaq. Yəni Kreml Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasına özünün Cənubi Qafqazda sıxışdırılması kimi baxır. Ona görə də Rusiya tərəfindən Ermənistana bütün vasitələrlə sülh müqaviləsinin bağlanmaması üçün təzyiqlər olur".

Politoloq vurğulayıb ki, Rusiya Ermənistana təzyiq edən yeganə dövlət deyil:

"Eyni şəkildə Fransa da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını istəmir. Rəsmi Paris düşünür ki, İrəvan hakimiyyəti nə qədər çox beynəlxalq mexanizmlər üzərində təkid etsə, Avropa İttifaqının və Fransanın hansısa formada regionda yerləşməsi təmin oluna bilər. Ona görə Fransa da indiki məqamda sülh müqaviləsinin imzalanmasına müsbət baxmır".

Rəşad Bayramov qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasını istəməyən üçüncü ölkə isə İrandır:
"İran da yaxşı dərk edir ki, sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizin açılması kommunikasiyaların bərpasına gətirib çıxaracaq. Bu isə iqtisadi mənada İrana təsir göstərəcək. Çünki İran indiyə qədər münaqişədən yararlanaraq tranzit yol imkanlarından əldə etdiyi gəlirlərdən olacaq.

Həmçinin, türk dünyasının birliyi İranı arada sıxışıb qalmağa və növbəti mərhələdə Cənubi Azərbaycandakı milli oyanış hərəkatının daha geniş vüsət almasına gətirib çıxara bilər. Ona görə də bu üç ölkə ayrı-ayrı formada, hərəsi öz maraqları üçün Ermənistana təzyiq göstərir. Rəsmi İrəvan da belə təzyiqlərin altında qalaraq, sülh müqaviləsinin imzalanmasını uzadır".

Pərviz

0