“Müasir dövrdə dövlətlərin beynəlxalq nüfuzu təkcə hərbi və iqtisadi güclə deyil, həm də onların qlobal logistika sistemində tutduğu mövqe ilə müəyyən edilir”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan son illərdə Avrasiyanın ən mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilərək Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı tranzit ölkəsi kimi öz mövqeyini möhkəmləndirib:
“Məhz bu reallıq ölkəmizin geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, bəzi regional və beynəlxalq siyasi dairələrin narahatlığına da səbəb olur. Azərbaycanın coğrafi mövqeyi tarix boyu mühüm üstünlük hesab edilib. Lakin son illərdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu üstünlük real iqtisadi və strateji üstünlüyə çevrilib.
Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil magistralları, hava nəqliyyatı infrastrukturu, eləcə də Orta Dəhlizin inkişafına verilən töhfələr Azərbaycanın qlobal tədarük zəncirində əvəzolunmaz rolunu daha da gücləndirib”.
Millət vəkili qeyd edib ki, hazırkı beynəlxalq şəraitdə ənənəvi ticarət marşrutlarında yaranan risklər fonunda Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artıb:
“Dünyanın aparıcı iqtisadi mərkəzləri üçün təhlükəsiz, sabit və etibarlı marşrutlara ehtiyac yüksəldikcə, Azərbaycan həm Avropa, həm Asiya ölkələri üçün etibarlı tərəfdaş kimi qəbul edilir. Bu isə ölkənin beynəlxalq nüfuzunu və siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır.
Azərbaycanın uğurunun əsas səbəblərindən biri də balanslaşdırılmış xarici siyasət kursudur. Rəsmi Bakı müxtəlif siyasi bloklar arasında qarşıdurmalara qoşulmadan bütün tərəfdaşlarla qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında əməkdaşlıq qurur.
Belə siyasət ölkəni regionun sabitlik adasına çevirib və beynəlxalq biznes üçün etibarlı investisiya mühiti formalaşdırıb. Lakin beynəlxalq münasibətlərdə hər uğur eyni zamanda müəyyən rəqabət elementləri də yaradır”.
Həmsöhbətimiz əlavə edib ki, Azərbaycanın artan iqtisadi və siyasi çəkisi, tranzit imkanlarının genişlənməsi, enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsi bəzi dairələrin maraqları ilə üst-üstə düşmür:
“Bu səbəbdən zaman-zaman ölkəyə qarşı müxtəlif siyasi kampaniyalar, qərəzli bəyanatlar və əsassız ittihamlar irəli sürülür. Bu cür iddiaların əksəriyyəti konkret hüquqi faktlara deyil, siyasi mövqelərə söykənir. Beynəlxalq münasibətlərdə ikili standartların tətbiqi də məhz belə hallarda daha aydın görünür.
Bəzi dövlətlərdə və regionlarda analoji problemlər uzun illər diqqətdən kənarda saxlanıldığı halda, Azərbaycana münasibətdə eyni məsələlər fərqli yanaşmalarla təqdim edilir. Belə selektiv münasibət beynəlxalq hüququn universal prinsipləri ilə tam uzlaşmır”.
Jalə Əliyeva diqqətə çatdırıb ki, xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən və Qarabağ bölgəsində yeni inkişaf mərhələsinə başlamasından sonra ölkənin geosiyasi çəkisi daha da artıb:
“Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri, yeni avtomobil və dəmir yollarının tikintisi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi həmin regionu da qlobal nəqliyyat sisteminin mühüm hissəsinə çevirmək məqsədi daşıyır. Bu isə Azərbaycanın tranzit potensialını daha da genişləndirir.
Məhz belə bir mərhələdə Azərbaycana qarşı informasiya müstəvisində aparılan kampaniyalar da intensiv xarakter alır. Müxtəlif platformalarda ölkənin beynəlxalq imicinə zərbə vurmağa yönələn iddialar səsləndirilir, bəzi hallarda hadisələr birtərəfli və kontekstdən çıxarılmış şəkildə təqdim olunur.
Belə yanaşmaların məqsədi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, investorlarda və tərəfdaş ölkələrdə süni narahatlıq yaratmaq kimi qiymətləndirilə bilər. Lakin reallıq budur ki, beynəlxalq şirkətlərin Azərbaycana investisiyalarını artırması, yeni logistika layihələrinə marağın yüksəlməsi, ölkənin beynəlxalq nəqliyyat təşəbbüslərində aparıcı iştirakçı kimi qəbul olunması bu iddiaların praktik müstəvidə ciddi təsir gücünə malik olmadığını göstərir”.
Deputatın sözlərinə görə, dövlətlər və beynəlxalq biznes ilk növbədə sabitlik, təhlükəsizlik və etibarlılığı əsas meyar kimi götürürlər:
“Azərbaycan isə uzun illər ərzində məhz bu keyfiyyətlərini nümayiş etdirə bilib. Qlobal iqtisadiyyatın yeni çağırışları fonunda Azərbaycanın rolu yaxın illərdə daha da artacaq. Orta Dəhlizin genişləndirilməsi, rəqəmsal logistika sistemlərinin tətbiqi, yaşıl enerji marşrutlarının inkişafı və yeni beynəlxalq əməkdaşlıq formatları ölkənin strateji əhəmiyyətini daha da yüksəldəcək.
Azərbaycana qarşı zaman-zaman səsləndirilən əsassız siyasi iddiaları təkcə ayrı-ayrı hadisələr kontekstində deyil, həm də ölkənin artan geosiyasi və geoiqtisadi rolunun fonunda qiymətləndirmək lazımdır.
Güclənən, beynəlxalq əhəmiyyəti artan və qlobal tədarük zəncirinin mühüm halqasına çevrilən Azərbaycanın uğurları bəzi dairələrdə narahatlıq doğursa da, ölkənin həyata keçirdiyi müstəqil siyasət, inkişaf etmiş nəqliyyat infrastrukturu və etibarlı tərəfdaş imici onun regional və qlobal mövqeyini daha da möhkəmləndirir”.
Elmir Mustafa


