Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tarixdəki ilk sülh müqavilələrindən biri hesab edilən Misir-Hett sülh müqaviləsinin, yəni Kadeş sazişinin 12-20-ci maddələrinə uyğun gələn mixi yazı fraqmentinin yaxın zamanda müəyyən edildiyini açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə “Popular Science” yazıb.
Məlumata görə, təxminən eramızdan əvvəl 1259-cu ildə, Kadeş uğrunda iki əsr davam edən fasiləli döyüşlərdən sonra Misir fironu II Ramzes və Hett kralı III Hattuşili bu gün Kadeş sazişi kimi tanınan müqaviləni bağlayıblar. Hökmdarlar Kadeş döyüşündən təxminən 15 il sonra sazişi imzalayıblar. Bu sənəd bəşər tarixində məlum olan ən qədim sülh müqaviləsi hesab olunur.
Arxeoloqlar müqavilənin Akkad dilində mixi yazılarla gil lövhələrdə, eləcə də Misir məbədlərinin divarlarındakı heroqlif yazılarda qorunub saxlanılan fraqmentlərini ətraflı şəkildə sənədləşdiriblər. Lakin müasir Türkiyə ərazisində yaxın zamanda aşkarlanan fraqment onun yaradılmasından 3200 il sonra xüsusi əhəmiyyət daşıyır.
Nəşrin məlumatına görə, Şimali Anadoluda, Hattuşadakı Böyükqala kral sarayının ərazisindən çıxarılan gil lövhədə münaqişə zamanı tərəflərdən birindən digərinə qaçan insanlarla hər iki krallığın necə davranmalı olduğu ətraflı təsvir edilir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, mətnin bir hissəsi vətəndaşların yaşayış evlərinin dağıdılmaqdan qorunmasına həsr olunub. Bu bölmə hətta münasibətləri gərgin olan krallıqların 3000 ildən çox əvvəl ortaq mövqe tapa bildiyini göstərir.
Nəşr xatırladır ki, Kadeş sazişinin ilk fraqmentləri XX əsrin əvvəllərində aparılan qazıntılar zamanı aşkar edilib. Sənədin nüsxələri 2001-ci ildə UNESCO-nun “Dünya yaddaşı” Reyestrinə də daxil edilib.
Samir


