Elmar Məmmədyarovu bitirən 17 SƏBƏB

SİYASƏT
12:05 / 09.07.2020
6869

Elmar Məmmədyarov 2004-cü ildən Azərbaycanın xarici siyasət institutuna rəhbərlik edir. Nazir postunda olduğu müddət ərzində ən sərt polemikalar zamanı belə yumşaq ritorikası ilə seçilən Məmmədyarov hücum diplomatiyasının "axsaq əsgəri” kimi xarakterizə edilib. Ona çox şeyi bağışlamaq olar və bağışlayıblar. Bəzən yumor hissinə görə, bəzən Lavrov ilə "dostluğuna” görə, bəzən isə sadəcə yaxşı "oğlan” təəssüratı bağışladığına görə... Təmsil etdiyi dövlətin dilini bilməməsini də, rəhbərlik etdiyi XİN-də bacarıqlı diplomatları öz çevrəsi ilə əvəzləməsini də...

Uzun illər ərzində haqqındakı bütün tənqidlərə baxmayaraq toxunulmaz qalıb. Qorunub, gözləntiləri doğruldacağına ümidlər bəslənib. Bəzən nəsə etməyə çalışıb.. Lakin Rusiyanın Baş naziri olmuş Viktor Çernomırdin demişkən "yaxşısını etmək istəyirdik, lakin həmişəki kimi alındı”...

Elmar Məmmədyarov ona bəslənən ümidlərin bacarıqlı qatili olaraq müsbətə doğru dəyişməyəcəyini, dəyişmək istəmədiyini sərgiləyib. Bir tərəfdən özü istəməyib, digər tərəfdən o zamanlar Prezident Administrasiyasında çalışan Novruz Məmmədov buna nəzarət edə bilməyib. 

Nəticə göz önündədir. Düşmənlərimizlə aparılan diplomatik savaşın ön cəbhəsinə çevrilməli olan XİN korrupsiya və rüşvət yuvasına çevrildi.

Qəhrəmanımız bu postda 1999-cu ildən bu vəzifəni yerinə yetirən Vilayət Quliyevi əvəzləyib.

16 illik karyerasının sonunu gətirən 17 səbəb

Təbii ki, Elmar Məmmədyarovun bacarıqsız diplomat imicinin yaradılması yanlışdır. Sadəcə məsələ odur ki, yaxşı sıravi diplomat olan Elmar Məmmədyarov XİN rəhbəri kimi yerində olmadığını hər addımında təsdiqlədi. Son günlərə qədər "təmiz və korrupsiyaya bulaşmamış” nazir imici onun ən böyük üstünlüyü sayılırdı. Amma açıqlanan və tutarlı şəkildə təkzib olunmayan son faktlar Elmar Məmmədyarovun bu üstünlüyünü əlindən almış oldu. İndi XİN rəhbəri ona tuşlanmış ittihamlar qarşısına əliyalın çıxmağa məcburdur.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) XİN-də həyata keçirdiyi anti-korrupsiya əməliyyatı isə Elmar Məmmədyarovun onsuz da təmiz olmayan nazir reputasiyasına daha tünd dəlillər əlavə etdi.

İctimaiyyətə bu mövzu maraqlı olduğundan Elmar Məmmədyarovun qürubunu gətirən səbəblər toplusuna göz atmağın daha faydalı olacağı düşüncəsindəyik.

Beləliklə...

1. Elmar Məmmədyarov rəhbərlik etdiyi qurumda sözün əsl mənasında anarxiya yaradıb. Elə bunun nəticəsidir ki, XİN-də nazir müavinləri arasında davam edən küsülülüyə görə vacib sənədlər aylarla imzalanmamış olaraq qalır. XİN fəaliyyəti iflic olur.

2. XİN-də idarəçilik o səviyyədə bərbad hala gətirilib ki, hətta ən yüksək səviyyədə tövsiyyə edilən səfir təqdimatlarının təyinatı Elmar Məmmədyarov tərəfindən məqsədli şəkildə uzadılır və bəzən sonradan məsələnin üzərindən keçilir.

3. Elmar Məmmədyarovun təcrübəli diplomatlara qarşı kini isə ümumiyyətlə anlaşılan deyil. Kifayət qədər nüfuzlu diplomatlarımızın hərəsi bir cür "zərərsizləşdirilib”. Bəziləri ümumiyyətlə sıradan çıxarılıb, bəziləri isə uzaq ölkələrə təyin edilərək unutdurulub.

4. Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi, keçmiş Xarici İşlər Nazirinin müavini Vaqif Sadıqovun və Xarici İşlər Nazirinin müavini Araz Əzimovun həyata keçirdiyi mütərəqqi kadrların irəli çəkilməsi prosesi dayandırılmışdır. Əvəzində nə baş verir? Kadrlar yalnız nazirin köməkçiləri və yaxın ətrafından seçilir. Təcrübəli diplomatlar diqqətdən kənar qalır.

5. Xarici ölkələrin Azərbaycana fəxri konsul təyininatında da Elmar Məmmədyarovun özəl maraqları təmin olunmalıdır. XİN rəhbərinin marağı təmin edilmədən bu yöndə hansısa addım atmaq mümkünsüzdür. Əgər XİN rəhbərinin maraqları təmin edilməyibsə təqdim edilən etimadnamələr qəbul edilmir və Azərbaycanla həmin ölkələr arasında münasibətlər soyuyur.

6. Qurumun ayrı-ayrı strukturlarına nəzarətsizlik o həddə çatıb ki, son illər XİN əməkdaşları texniki təminat baxımından ciddi sıxıntılarla üzləşiblər. Kompüterlər yenilənmir, hətta bəzən İşlər İdarəsindən adi A4 kağızını almağın özü böyük söz söhbətə səbəb olur. XİN əməkdaşlarının maddi-texniki təminatı ikinci plana atılıb.

7. Fəxri Konsulların etimadnamələri qəbul edilərkən qırmızı nömrələrə meyl edən "gənc oliqarxlara" üstünlük verilir. Bu halda onların diplomat kimi bacarıq və vərdişləri ümumiyyətlə nəzərə alınmır.

8. XİN xaricdəki diplomatlarını qorumaq gücündə və istəyində deyil. Adi bir misal: Hazırda Afrika ölkələrinin birində fəaliyyətdə olan səfirimiz qanunsuz olaraq oranın Polis idarəsinə aparılır, hətta zorakılığa məruz qalır. Azərbaycan XİN nədənsə susmağa üstünlük verir.

9. Diplomatlar xarici ölkələrdə xidmətini başa vurub döndükləri zaman isə XİN onların adi və qanuni haqqlarını belə müdafiə etmir (Məsələn, avtomobil gömrüklənməsi zamanı) Əksinə diplomatlara bu haqlarından istifadə etməmək tövsiyyə edilir.

10. XİN-də "işdə məhəbbət məcaraları” geniş yayılıb. Bu özünü nazirlikdə kadrların irəli çəkilməsi zamanı da göstərir. Bir çox hallarda vəzifələrə rəhbər işçilərin qohumları, bəzən hətta sevgililəri irəli çəkilir.

11. Azərbaycanın haqq mövqeyinin beynəlxalq səviyyədə müdafiə edilməsində, xüsusilə milli maraqlarımızın lobbiçiliyində tutarlı prinsipiallıq nümayiş edilmir. Xarici mətbuatda Azərbaycan maraqlarının əleyhinə yönəlmiş yazılara qarşı müntəzəm və sistemli yazılara rast gəlinmir.

12. Dağlıq Qarabağla bağlı danışıqlarda Ulu Öndər Heydər Əliyev tərəfindən böyük etimad göstərilmiş Qarabağ məsələsi üzrə Prezidentin xüsusi nümayındəsi Araz Əzimov oyundan kənar vəziyyətə salınıb. Görünür, Araz Əzimovun ermənilərə qarşı dik duruşu və bu səbəbdən ona rəğbət göstərilməsi Elmar Məmmədyarovun qısqanclığına səbəb olub.

13. XİN-in ayrı-ayrı vəzifəli şəxsləri, o cümlədən əməkdaşlarının ofşor hesablarının üzə çıxması ilk dəfə rastlaşılan hal deyil. Nazirin özünün və yaxınlarının adlarının da bu kimi neqativ proseslərdə hallanması isə artıq dözülməzdir.

14. XİN-də sanki Azərbaycan dilinə qadağa qoyulub. Diplomatlar istər xarici ölkələrdə öz aralarında, istərsə də nazirliyin koridorlarında bir-birilə adətən yad dillərdə danışırlar. Əgər diplomatlarımızın özləri Ana dilinə hörmətsizlik edirsə xarici vətəndaşlardan dilimizə hansı hörməti gözləyə bilərik?

15. XİN əməkdaşları üçün inşa edilmiş binanın xərcləri, orada mənzil bölgüsü barədə ciddi suallar doğuran məsələlər illərdir ki, müzakirə mövzusudur. Bununla bağlı ciddi araşdırmanın aparılmasına ehtiyac var.

16. Ayrı-ayrı illərdə XİN-in fəaliyyətindən narazı qalmış, o cümlədən karyerasının önünün kəsildiyini düşünən təcrübəli diplomatlar XİN-i tərk edib. Onlar başqa peşələrə, bəzən isə başqa ölkələrə üz tutmaq məcburiyyətində qalıblar.

17. XİN-i nepotizm bürüyüb. Eyni nazirlikdə işləyən bacı-qardaş, yeznə-qayına yüksək vəzifələrin verilməsi, yüzlərlə təcrübəli diplomatın isə diqqətdən kənarda qalmasını görürük.

Zəruri qeyd: XİN Azərbaycanın apardığı haqq mübarizəsində ÖN CƏBHƏ sayılır. Ön cəbhədə müşahidə edilən bu məsuliyyətsizlik və yarıtmazlıq isə cəzasız qalmamalıdır.

Yeri gəlmişkən, bu gün - 9 İyul Azərbaycan diplomatlarının Peşə Bayramıdır. Diplomatlarımızı təbrik edir və onların hər birinə bilik və təcrübəsinə layiq karyera arzulayırıq.

Sfera.Az

2