Gün ərzində ətrafımızda tələsən insanlarla qarşılaşırıq.
İstər yollarda sürücülərin, istər küçələrdə piyadaların, istərsə də ictimai nəqliyyatda sərnişinlərin tələsdiklərinə şahid oluruq. Axı nə üçün bu qədər tələsirlər? Üstəlik, sürətli şəkildə hərəkət etməklə maksimum 3-4 dəqiqə tez çata bilərsiniz. Amma həmin 3-4 dəqiqə tez çatmaq üçün etdiyiniz diqqətsizliyin bədəli çox ağır ola bilər.
Hansısa qəza nəticəsində ciddi şəkildə zədələnə və hətta bir ömür onunla yaşamağa məcbur qala bilərsiniz. Ən pis ssenaridə isə ölmə ehtimalınız var. Özünüzə heç nə olmasa belə tələsdiyiniz üçün başqalarına zərər verə bilərsiniz.
Bu, xüsusilə avtomobil sürücülərinə aiddir. Çünki sürücülərin bəziləri işıqfora düşməmək 30-40 saniyə gözləməmək üçün sürəti artırlar. Hətta bəziləri işıqforun yaşıl işığı yanıb-sönməyə başlayanda, sarı işıq yananda sürəti daha da artırırlar. Çox təəssüf ki, bu da bəzən qəzalarla nəticələnir. Ona görə ki, yüksək sürətlə gələn avtomobilin qarşısına insan və ya başqa maşın çıxanda dayana bilmir. Bütün bunların səbəbi isə tələsmə qorxusu və gözləməyi sevməməyimizdir.
Halbuki, gecikmək istəməyən gedəcəyi yerə vaxtında çatmaq üçün daha tez çıxa bilər. Məsələn, yolunuz bir saatdır və gecikmək istəmirsinizsə, 1 saat 20 dəqiqə öncə çıxa bilərsiniz. Əmin olun ki, yolda sizi ləngidəcək istənilən problem həmin əlavə 20 dəqiqə içərisində yaşanacaq. Təbii ki, buraya fövqəladə hallar daxil deyil. Burada avtobusa və ya qatara vaxtında çatmama, işıqfora çox düşmə, tıxac və s. kimi səbəbləri aid edə bilərik.
Yəni yoldakı zamanınıza əlavə edəcəyiniz vaxtla bir növ özünüzü sığortalamış olursunuz. Beləliklə, heç bir təzyiq hiss etmədən və tələsmədən istədiyiniz yerə çatdırasınız. Hətta düşündüyünüzdən də erkən gəlirsiniz.
Unutmayın, harasa tez getməklə heç nə itirməzsiniz. Ən pis halda bir az hava alarsınız. Lakin tələsərək gedərək böyük problemlər yaşaya bilərsiniz. Əgər gedəcəyimiz yola lazım olan vaxtdan 15-20 dəqiqə tez çıxsanız gecikmək qorxusuna da qalib gələrsiniz. Beləliklə, zamanı düzgün idarə edə bilərsiniz.
Əziz dostlar, yuxudan 5-10 dəqiqə tez oyanmaq, evdən 15-20 dəqiqə tez çıxmaqla tələsmə və gecikmə basqısını, qorxusunu yox edə bilərsiniz. Əmin olun ki, bunu etmək çox asan və rahatdır...
Pərviz