Polşada minlərlə sığırçının səmada nəhəng dəstələr halında uçması diqqət çəkir. Quşların havada eyni anda istiqamət dəyişməsi və dəstənin formasının saniyələr ərzində dəyişməsi uzaqdan canlı buludu xatırladır.
HİT.az xəbər verir ki, bu təbiət hadisəsi murmurasiya adlanır. Termin yüzlərlə, minlərlə, bəzən isə yüz minlərlə quşun vahid orqanizm kimi sinxron hərəkət etməsini ifadə edir.
Sığırçılar Polşada belə böyük dəstələr yaradan quşlar arasında xüsusi yer tutur. Xüsusilə gecələmədən əvvəl onlar göllər, gölməçələr və digər su hövzələrinin yaxınlığında böyük qruplarda toplaşırlar.
Poznan Təbiət Elmləri Universitetinin professoru Pyotr Tryanovski bildirir ki, sığırçıların bu davranışının əsas səbəblərindən biri yırtıcılardan qorunmaqdır.
Böyük dəstənin içində uçan quşun yırtıcı tərəfindən seçilib tutulması daha çətinləşir. Eyni zamanda çoxsaylı quşların sürətli və sinxron hərəkəti hücum edən yırtıcının istiqamətini müəyyənləşdirməsini çətinləşdirir.
Sığırçıların təbii düşmənləri arasında sərçə qırğısı, şahin və digər yırtıcı quşlar var. Təhlükə yarandıqda dəstə daha sürətlə hərəkət edir və istiqamətini eyni anda dəyişir.
Mütəxəssislərin sözlərinə görə, böyük dəstələrin yaranması yalnız müdafiə məqsədi daşımır. Quşlar bir araya gələrək qida mənbələri haqqında məlumat da mübadiləsi edə bilirlər.
Onlar meyvə bağları və bol yem olan digər ərazilərə birlikdə yönələ bilərlər. Bundan başqa, gecəni böyük qrup halında keçirmək quşların özlərini daha təhlükəsiz hiss etməsinə və enerji sərfiyyatını azaltmasına imkan verir.
Murmurasiyanın ən maraqlı tərəflərindən biri də dəstəyə rəhbərlik edən vahid “liderin” olmamasıdır. Hər bir quş əsasən özünə yaxın olan digər quşların hərəkətinə reaksiya verir.
Bir quş istiqamətini dəyişdikdə onun yaxınlığındakı quşlar da eyni hərəkəti təkrarlayır. Bu dəyişiklik saniyələr ərzində bütün dəstəyə yayılır və nəticədə minlərlə quş demək olar ki, eyni vaxtda istiqamətini dəyişir.
Məhz bu sinxron hərəkət səmada nəhəng “canlı bulud” görüntüsünün yaranmasına səbəb olur. Alimlərə görə, insanlar üçün möhtəşəm mənzərə təsiri bağışlayan bu davranış sığırçılar üçün ilk növbədə müdafiə, qida tapmaq və gecələmək strategiyasıdır.
Samir


