"İnsanların daxili dünyasında baş verən depressiv əhval və ya məşhurluq ehtiyacı, habelə bəyənilmə duyğusu ekran qarşısında bu duyğuları basdırmaq istəməklə nəticələnir".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, sosial şəbəkədə məşhur olan insanların əksəriyyəti özgüvənsizdir:
"Bəzi insanlarda sosial təsdiq və qəbul ehtiyacı olur. Məsələn, "özünü reallaşdırma" ehtiyacı nəzərə alındıqda, bəzi insanlar özlərini sosial şəbəkələrdə nümayiş etdirməklə başqalarından təsdiq alırlar. Onlar, öz sosial mövqelərini göstərmək və başqalarının "bəyəndiyi" və "təqdir etdiyi" bir həyat tərzi yaratmaq istəyirlər. Bu, onların özlərini daha dəyərli və özgüvənli hiss etmələrinə səbəb ola bilər. "Like" və şərhlər bu şəxslərin özlərini daha yaxşı hiss etmələrinə və beynində mükafatlandırma sistemini işə salmağa kömək edir".
Psixoloq qeyd edib ki, bəzi insanlar isə başqalarının cəlbedici və macəralı həyatlarını sosial şəbəkələrdə gördükdə öz həyatlarının monoton olduğunu və "günlərini monoton olaraq itirdiklərini" hiss edə bilərlər:
"Nəticədə, onlar tətil və səyahətlərini başqalarına göstərmək üçün şəkillər çəkirlər. Beləliklə, sosial şəbəkə vasitəsilə öz həyatlarını "mükəmməl" göstərməyə çalışırlar. Bəzən isə ailə daxili bədbəxtlik yaşayan və özünü xoşbəxt hiss etməyən şəxslər yaşamaq istədikləri həyatı insanlara nümayiş etdirirlər. Əslində, həmin şəxslər "ördək sindromu"ndan əziyyət çəkirlər".
Ekspert hesab edir ki, bəzi insanlar da özlərini yalnız hiss edirlər və sosial əlaqə qurmaqda çətinlik çəkirlər:
"Bu vəziyyətdə sosial şəbəkələrdə tətil şəkilləri paylaşmaqla başqalarının marağını çəkmək, onlara sosial əlaqələr qurmaq və müəyyən mənada qəbul edilmək hissini verə bilər. Həmin şəxslər tətildə canlı yayım açır, insanlarla söhbət edərək yalnızlıq duyğusunu basdırırlar. Burada məqsəd sadəcə öz şəxsi təcrübələrini başqalarına göstərmək deyil, həm də özünü bir növ "görülən" və qiymətləndirilən hiss etməkdir.
Bundan başqa, insanlar öz həyatlarını və təcrübələrini sanki "sosial performans" olaraq görürlər. Yəni, hər anın dəyərini başqalarına göstərilmək üçün yaşayırlar. Bu tip insanlar tətili yalnız özləri üçün deyil, həm də başqalarına təsir etmək üçün keçirirlər. Bu "performans" onların həyatını daha mənalı və dəyərli göstərmək məqsədi güdür. Bunun nəticəsində həmin insanlar keçirdikləri anları doya-doya yaşamır, tam psixoloji istirahət keçirə bilmirlər".
Zəhra Zahidova fikirlərini belə yekunlaşdırıb:
"Bütün bunlar insanların özlərini başqaları ilə müqayisə edərək və sosial təsdiq alaraq dəyərli hiss etmələrini və özgüvənlərini artırmalarını təmin edir. Beləliklə, bu tip davranışlar getdikcə həmin insanların daha yaxşı və dəyərli hiss etmələri üçün bir mexanizmə çevrilir. Ancaq təəssüf ki, sosial şəbəkə qurbanına çevrildiklərinin fərqində olmurlar".
Pərviz